Yəməndə vəziyyət gərgin olaraq qalmaqdadır
İyul 21, 2015 06:05 Asia/Baku
-
Yəməndə vəziyyət gərgin olaraq qalmaqdadır
Yəmənin paytaxtı Səna şəhərində, Cəraf məntəqəsində yerləşən bir məscidin yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılması 5 nəfərin həyatına son qoyb.
Fars xəbər agentliyinin Sky News-a istinadla verdiyi məlumata görə, bazar ertəsi gecə Sənanın şimalında yerləşən Cəraf məntəqəsində, Muid məscidi yaxınlığında bomba quraşdırılmış bir avtomobildən istifadə edilərək, partlayış törədilib. Bu məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub. Bir qrup insanın da yaralandığı bildirilir.İŞİD terror qruplaşması bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Digər tərəfdən Yəmən ordusu Ədən şəhərinin Təvahi məntəqəsində əl-Qaidə terrorçuları və istefada olan fərari prezident Əbd Rəbbə Mənsur Hadiyə bağlı yaraqlılara çatdırılması nəzərdə tutulan silah və hərbi sursat yükünün önünü kəsib. Yəməndən daxil olan məlumatlara görə, bu silah yükü dəniz yolu ilə Ədən şəhərinin Təvahi məntəqəsinə çatdırılmalı idi. Lakin, Yəmən ordusu və xalq müqavimət qüvvələri terrorçulara çatdırılması nəzərdə tutulan silah yükünü daşıyan gəmini atəşə tutaraq, onun sahilə yan almasına imkan verməyiblər.
Bu barədə açıqlama verən Yəmənin bir təhlükəsizlik rəsmisi deyib: Ədənin Təvahi məntəqəsində ordu və xalq qüvvələri ilə Mənsur Hadinin tərəfdarları arasında toqquşmalar davam edir.
Bu arada BMT-nin humanitar yardımlar üzrə koordinasiya ofisi bildiribki, Ərəbistanın Yəmənə olan hava hücumlarının davam etməsi və Ədən şəhərinin su şəbəkəsinin sıradan çıxarılması nəticəsində 500 minə yaxın şəhər əhalisi içməli su və ərzaq çatışmazlığı ilə üzləşib.
Yəmənin cənubunda yerləşən Ədən şəhərinin sakinləri cari ilin mart ayından başlanan böhranın ardınca ən çox hücumların və toqquşmaların şahididir. Bu üzdən digər şəhərlərlə müqayisədə, səhiyyə, dərman, ərzaq, içməli su və yanacaq çatışmazlığından daha çox əziyyət çəkirlər. Buna görə də BMT-nin humanitar yardımlar üzrə koordinasiya ofisi xəstəxanalar üçün lazım olan suyu tankerlər vasitəsi ilə təmin etməyə çalışır.
Bu məlumata görə, şəhərin elektrik stansiyası və su şəbəkəsinin fəaliyyətini bərpa etmək üçün kifayət qədər yanacaq və enerji daşıyıcıları mövcud deyil. Bu da Ədən şəhərində bir sıra ciddi nigaranlıq doğuran problemlərin yaranmasına o cümlədən təhlükəli yolxucu xəstəliklərin yayılmasına səbəb olub.
Teqlər