İran sionist rejimi Qərb Sahilindəki anti-humanist hərəkətlərini qınadı
Okt 06, 2015 13:02 Asia/Baku
İran İslam Respublikası xarici işlər nazirliyinin sözçüsü sionist rejimin xüsusilə Qərb Sahilində fələstinlilərə yönəlik terror hücumlarını kəskin formada qınayıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin verdiyi məlumata görə, nazirliyin sözçüsü Mərziyə Əfxəm bir daha sionist rejimə əl-Əqsa məscidi və Beytül-Müqəddəsə hörmətsizliyin xoşagəlməz nəticələri barədə xəbərdarlıq edib.Sionist rejimin Qərb Sahilindəki son cinayətləri 2 fələstinli yeniyetmənin şəhid olması ilə nəticələnib.
Qərb Sahili və işğal altında olan Qüds artıq bir neçə həftədir ki, sionistlərin fələstinlilərə qarşı artan hücumlarının şahididir.
Sionist qəsəbə sakinləri və İsrail hərbçilərinin əl-Əqsa məscidinə hücumları və fələstinlilərin namaz qılmaq üçün bu məscidə daxil olmasına icazənin verilməməsi məntəqədə gərgin vəziyyətin yaranmasına səbəb olub.
Sionist rejim hərbçiləri və qəsəbə sakinləri əl-Əqsa məscidinə hücum edərək, bu müqəddəs məkanla bağlı öz çirkin planlarını icraya qoymağa çalışırlar. Belə ki, sionistlər əl-Əqsa məscidinin zaman və məkan baxımından bölüşdürülməsini istəyirlər.