Suriya ordusu Hələbin mühasirə halqasını daraldır
-
Suriya ordusu Hələbin mühasirə halqasını daraldır
Hələbin şərqində bir qrup silahlı terrorçu dəstə başçılarının əlindən qaçaraq, onlarla mülki şəxs ilə birlikdə Səlahəddin keçidindən keçərək, şəhəri tərk etməyə nail olub. İnsanlar öz evlərinə qayıtmaları üçün silahlıların şəhəri tərk etməsini gözləyirlər.
Əl-Minar telekanalının verdiyi məlumata görə, Hələb sakinlərindən olan Əbüləz Səlahəddin məhəlləsində silahlılar tərəfindən girov götürülmüş ailəsi ilə görüşməyi səbirsizliklə gözləyir.
Əl-Minar daha sonra üzlərini gizlədərək, silahlarını Suriya ordusuna təhvil verən silahlıların təsvirini efirə verib.
Bu şəxslərdən biri deyir: Biz Suriya ordusuna təslim olduq. Silahlı qruplaşmalar bizi əlimizə silah almağa məcbur edirlər. Onlar evlərimizə soxularaq, bizi zorla cəbhə bölgəsinə göndərirdilər.
Başqa bir silahlı isə deyir: Mən 3 ildir ki, əlimə silah almışam. Mən Səlahəddin məntəqəsində oluram. Silahlı qruplaşmalar onlara qoşulmağımızı istədilər. Amma, Allaha şükürlər olsun ki, onların əlindən qaçmağı bacardıq.
Əl-Minarın müxbiri isə deyir: Hələbin şərq məhəllələrinin bir-bir azad ediləcəyi gözlənilir. Sivil vətəndaşlar isə bu məntəqəyə toplaşaraq, yaxında olan qələbəni, evlərinə qayıdacaqları günü gözləyirlər.
Suriyalı bir qadın deyir: Silahlı dəstə üzvləri ordu qüvvələrinə təslim olmağa çalışan hər kəsi edam edəcəkləri ilə təhdid edirlər. Mən isə onlardan istəyirəm ki, buraya gəlsinlər və bizə tamaşa etsinlər. Onlar artıq bizə heç bir şey edə bilməzlər. Biz, son sivil vətəndaşın mühasirədən çıxacağı zamana kimi burda qalacağıq.
Suriya dövləti müharibənin dağıntılarını aradan qaldırmaq üçün bütün lazımi şəraiti yaradıb.
Ordu qüvvələri hazırda Hələbdə olan silahlı qüvvələrin mühasirəsini daraltmaqla məşğuldur. Hələb müharibəsi Suriyada terrorizm ilə mübarizədə həlledici döyüş sayılır və bu döyüşün taleyini Suriya ordusu təyin edəcək.