Avq 04, 2016 20:57 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Fətulla Gülənə bağlı olan şirkətlərin gəlirlərini donduracağını bildirib.

Röyters-in məlumatına görə, Rəcəb Təyyib Ərdoğan cümə axşamı bir daha Güləni Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edərək, Gülənə bağlı olan şirkətləri və müəssisələri "terrorizm yuvası" adlandırıb.

Ərdoğan Ankarada, prezident sarayında etdiyi çıxışında ticarət sektorunu Gülənin aktiv olduğu sahələrdən adlandırıb.

O, Türkiyə dövlətinin Gülənin maraqlarına qarşı tədbirlərdə amansız olacağını bildirib.

Ərdoğan həmçinin Güləni ötən bir neçə on ildə Türkiyə daxilində və bir sıra xarici ölkədə məktəblər şəbəkəsini, xeyriyyə müəssisələrini və şirkətləri idarə etməkdə ittiham edərək, Gülənin bu yolla dövlət müəssisələrinə nüfuz etməyə çalışdığını və "Paralel Dövlət" qurmaq istədiyini deyib.

Türkiyə ordusu, ədliyyə sistemi, polisi və təhsil sistemində 60 mindən çox insan dövlət çevrilişinə uğursuz cəhdin ardınca tutduğu vəzifədən azad və ya həbs edilib.

Ərdoğan birja və ticarət palatası başçıları ilə görüşdə deyib: Gülən və Nurçu camaatı dini bir camaat sayılmır, onlar terrorçudurlar.

Türkiyənin qərbli müttəfiqləri 15 iyulda dövlət çevrilişinə uğursuz cəhdi bir qədər təxir ilə qınadılar. Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 237 nəfər həyatını itirmiş, 2100 nəfər isə yaralanmışdı.

Teqlər