Türkiyə polisi Diyarbəkirdə müəllimlərin aksiyasına müdaxilə etdi
-
Türkiyə polisi Diyarbəkirdə müəllimlərin aksiyasına müdaxilə etdi
Türkiyə polisi Diyarbəkirdə 200-ə yaxın müəllimin iştirak etdiyi etiraz aksiyasına müdaxilə edərək, onları dağılışmağa məcbur edib.
Frans Press-in verdiyi məlumata görə, aralarında müəllimlər də olan 200-ə yaxın şəxs PKK ilə əlbir olmaqda şübhəli bilinən 10 minə yaxın müəllimin müvəqqəti olaraq işdən kənarlaşdırılmasına etiraz məqsədi ilə Diyarbəkir təhsil idarəsi önündə aksiya keçirib. Aksiya iştirakçıları müəllimlər barədə çıxarılan bu qərara etiraz ediblər.
Türkiyə polisi bu qanunsuz etiraz aksiyasına müdaxilə etməzdən öncə aksiya iştirakçılarını dağılışmağa dəvət edib. Amma, aksiya iştirakçılarının polisin tələbinə tabe olmamasının ardınca Türkiyə polisi su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək, onları dağıtmağa çalışıb.
Türkiyə dövləti cümə axşamı 11500 müəllimi PKK ilə əməkdaşlıq ittihamı ilə müvəqqəti olaraq işdən kənarlaşdırıb. Bu müəllimlərin araşdırmaların başa çatacağı zamana kimi məzuniyyətə göndərildikləri bildirilir.