Ankarada terror hadisələrinin ildönümü günündə insanların toplaşmasına imkan verilməyib
-
Türkiyə polisi
Türkiyə polisi Ankarada terror hücumlarının ildönümü günü münasibəti ilə əhalinin toplaşmasının qarşısını alıb.
AP-nin verdiyi məlumata görə, Ankaranın əsas dəmiryolu stansiyasına yaxınlaşmaq istəyən yüzlərlə fəalın hərəkətinə mane olmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından, eləcə də plastik güllələrdən istifadə edib.
Türkiyə rəsmiləri bildiriblər ki, təhlükəsizlik məsələlərinə görə, Ankarada baş vermiş terror hadisəsinin birinci ildönümü mərasimlərinin keçirilməsinə mane olublar. Bu mərasim dəmiryolu stansiyasında keçiriləcək idi.
Məlumatda deyilir ki, Türkiyə polis əməkdaşları stansiyaya bitişən yolları bağlayıblar və sadəcə Ankara terror hadisəsinin qurbanlarının ailələrinə, ictimai fəallara mərasimin keçirildiyi əraziyə daxil olmaq icazəsi veriblər.
2015-ci il oktyabrın 10-da Türkiyənin qeyri-hökumət təşkilatları və bəzi partiyalarının Ankaranın dəmiryolu stansiyası yaxınlığında aksiya keçirdikləri zaman ərazidə terror partlayışı törədildi və nəticədə 100-dən çox adam, eləcə də 2 terrorçu öldü.