Noy 24, 2016 16:49 Asia/Baku
  • Adana partlayışında yaralıların sayı 33-ə çatdı
    Adana partlayışında yaralıların sayı 33-ə çatdı

Türkiyənin Suriya ilə sərhədi yaxınlığında yerləşən Adana şəhərində valiliyin avtomobil parkında baş verən partlayışda 2 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Adana valisi Mahmud Dəmirtaş yerli vaxtla saat səkkiz radələrində valiliyin açıq avtomobil dayanacağında valiliyə girişin yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladıldığını və hadisəni bir qadının törətdiyinin ehtimal olunduğunu bildirib.

Dəmirtaş hadisədə həlak olan iki şəxsin kimliyinin müəyyənləşdiyini və yaralıların sayının 33 nəfərə çatdığını diqqətə çatdırıb.

İlkin məlumatlara görə, terrorçular öncədən gətirdikləri bomba yüklü avtomobili valilikdə keçiriləcək tədbir zamanı partlatmağa cəhd ediblər. Partlayış zamanı dayanacaqdakı avtomobillər yanmağa başlayıb və valilik və ətrafdakı binaların şüşələri qırılıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq Adana valisi Mahmud Dəmirtaşın partlayışdan bir neçə dəqiqə öncə xilas olduğunu diqqətə çəkib.

Hələlik bir şəxs və yaxud bir qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib. Lakin Türkyə hökuməti adətən belə vəziyyətlərdə PKK-nın hadisənin səbəbkarı hesab edir.

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Ömər Çəlik twitter səhifəsində bu partlayışı "utandırıcı hücum" adlandırıb.

Adana şəhəri İncirlik hərbi hava bazasının təxminən 16 kilometrliyində yerləşir. Amerikanın rəhbərlik etdiyi koalisiyanın qırıcı təyyarələri Suriyada əməliyyat keçirmək üçün bu bazadan istifadə edirlər.

Amerika təxminən 8 ay öncə təhlükəsizliyi səbəbi ilə Adanada yerləşən amerikalı hərbçilərin ailələrinə göstəriş verib ki, bu şəhər və Türkiyə ərazisinin digər yerlərini tərk etsinlər.

Amerikanın Adanadakı baş konsulu təxminən üç həftə öncə xəbərdarlıq edib ki, radikal qruplar Birləşmiş Ştatlar və bu şəhərdəki digər xarici ölkələrin vətəndaşlarına hücum etməyə çalışırlar.

ABŞ Dövlət Departamenti də öz vətəndaşlarına Türkiyənin cənub-şərqinə səfər etməməyi tövsiyə edib.

Teqlər