İraqın könüllü xalq qüvvələri Diyalə vilayətində uğurlar əldə ediblər
"Həşdüşşəbi" qüvvələri İŞİD terrorçularının Diyalə vilayətində yerləşən Əzim su bəndini partlatmaq cəhdinə mane olublar. İraqın təhlükəsizlik qüvvələri isə Kərkükdə bir qrup terrorçunun öldürülməsindən xəbər veriblər.
Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, 3 İŞİD terrorçusu Əzim su bəndini partlatmaq niyyətində olub. Bu 3 terrorçu həbs edilib. Bu terrorçular İŞİD-in məntəqədə məxfi silah anbarlarının olduğunu etiraf ediblər.
İŞİD-in bu əməliyyatda məqsədi Diyalə vilayətindən Səlahəddin vilayətinə qədər ərazidə iraqlı qüvvələrin tədarükat yolunu bağlamaq olub.
Başqa bir məlumata görə, İraqın bir təhlükəsizlik rəsmisi şənbə günü bildirib ki, hava hücumları zamanı Kərkükdə ən azı 8 terrorçu məhv edilib.
Bu mənbə həmçinin bildirib ki, İraq ordusu hava qüvvələri cümə günü axşam saatlarında Kərkükün şimal-qərbində yerləşən Dəbs məntəqəsində İŞİD terrorçularının sığınacağını bombalayıb.
Kərkük vilayətinin cənub-qərbində yerləşən Hüveycə, Ər-Riyaz və Əl-Zab şəhərləri İŞİD-in nəzarəti altındadır.