Əl-İbadi: Birlik iraqlıların qələbə rəmzi idi
İraqın baş naziri iraqlı qüvvələrin terrorizm ilə mübarizədəki qələbəsinin rəmzini "birlik və həmrəylik" adlandırıb və bütün ölkə üzrə mütəşəkkil təhlükəsizlik qüvvələrinin təşkil edilməsini istəyib.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi çərşənbə günü İraqın şimalında, Süleymaniyə əyalətində keçirilən iclasda bütün ölkələrin terrorizm ilə mübarizənin onların xeyrinə olduğunu dərk etdiklərini deyib.
Əl-İbadi əlavə edib: İraqın təhlükəsizliyi təhdid edilərsə, bu ölkə Suriya və digər qonşu ölkələrdə İŞİD-in mövqelərinə hücumlar edəcək.
İraqın başnaziri daha sonra deyib: Bağdad ölkələrin ərazi bütövlüyünə hörmət edir və İŞİD terrorçularının mövqelərinə zərbələr endirmək üçün Suriya dövlətindən icazə alıb.
Heydər Əl-İbadi həmçinin deyib: İraqın iqtisadi problemlərə malik olmasına baxmayaraq, bütün qruplar arasında birlik və həmrəylik olmasaydı İŞİD tərəfindən işğal edilmiş ərazilərin geri alınmasında heç bir vəchlə uğur əldə edə bilməzdik.
İraqın başnaziri İŞİD terror qruplaşmasının necə yaranmasına və onun necə himayə edilməsinə işarə edərək, deyib: Ərəb və Qərb ölkələrinə sözüm budur ki, yalnız həmrəylik və əməkdaşlıq yolu ilə terrorizm ilə mübarizədə uğur qazana və pulların boş yerə xərclənməsinə mane ola bilərik.
Əl-İbadi həmçinin deyib: İŞİD qruplaşması ilə savaş İraqın infrastrukturlarına 35 milyard dollar zərər və ziyan vurub.