Yəmənli xeyriyyəçinin "pulsuz çörək" kampaniyası
-
Yəmənli xeyriyyəçinin "pulsuz çörək" kampaniyası
Yəmənli bir xeyriyyəçi Ərəbistanın təcavüzləri və blokadası nəticəsində aclıq təhlükəsi ilə üzləşən əhalinin ağrı və acılarını azaltmaq üçün pulsuz çörək kampaniyası başladıb və hər gün 3000-dən çox insanı gündəlik çörəklə pulsuz olaraq təmin edir.
Ali Səudun fasiləsiz və amansız hücumlarına cavab olaraq yəmənli qüvvələr Ərəbistanın cənubunda 5 səudiyyə hərbçisini öldürüblər. Digər tərəfdən, Ərəbistan qırıcılarının Yəmənin Hüdəydə vilayətində bir istehsal müəssisəsinə raket zərbələri endirməsi nəticəsində 2 sivil həlak olub, 4 nəfər isə yaralanıb. Ərəbistan helikopterlərinin yəmənli balıqçıları hədəfə alması nəticəsində də 4 yəmənli həyatını itirib. Bu arada Ərəbistanın Yəmənə hücumları bu ölkədə yoxsulluğun daha da artmasına səbəb olub. BMT-nin xüsusi məruzəçisi də öz hesabatında Yəməndə təqribən 17 milyon nəfərin aclıqdan əziyyət çəkdiyini bildirib. Belə bir şəraitdə bəzi xeyriyyəçilər paytaxt Sənada aclıq ilə mübarizə aparmaq üçün pulsuz çörək paylamağa başlayıblar.
Pulsuz çörək kampaniyası gündəlik çörəyini təmin edə bilməyən yəmənlilərin çörəklə təmin edilməsi üçün həyata keçirilən bir kampaniyadır. Bu kampaniyanın təşəbbüskarı olan xeyriyyəçi hər gün 800 ailəni pulsuz çörək ilə təmin etdiyini bildirir. Bu insanlar hər gün, gündəlik paylarını almaq üçün çörək bişirmə sexinə müraciət edirlər. Xeyriyyəçinin dediyinə görə, bu hərəkəti ilə, Ali-Səudun Yəmən xalqına qarşı blokada siyasəti ilə mübarizə aparmaq istəyir.
Yəmənli xeyriyyəçi:
“Hər gün 800 ailənin çörəyə olan ehtiyacını təmin edə bildiyim üçün Allaha şükür və Ali-Səuda elan edirəm ki, yəmənlilər müqavimət və mübarizə meydanında möhkəm dayanıblar. Ərəbistan 2 ildir ki, Yəməndə qırğınlar törədir, ölkəni xarabalığa çevirib. Ali-Səud hətta, uşaqlara belə rəhm etmir. Amma, bilsin ki, biz onun qarşısında dayanmışıq.”
Ətrafda yerləşən 10-dan artıq məhəllənin sakinləri burda bişirilən çörəkdən faydalanır. Ərəbistanın təcavüzləri və iqtisadi blokadası nəticəsində insanların iş yerlərini itirmələri, aylarla əmək haqqı ala bilməmələri əhalinin həddən artıq yoxsullaşmasına və gündəlik çörəyini təmin etməkdən belə aciz qalmasına səbəb olub. Və bu kimi insanların bir çoxu öz gündəlik ruzilərini məhz pulsuz paylanan bu çörəklər hesabına təmin edir.
Yerli sakin:
“Mənim gündəlik çörəyim bu çörəkçinin hesabına təmin edilir. Bu çörəkçi bir çox yəmənlinin gündəlik çörəyini təmin edir.”
Yerli sakin:
“Allah əvəzini versin. Bizə çox kömək edir. Bunlar da olmasaydı, nə edəcəyimizi bilmirəm. Düşmənlər ölkəmizi xarabalığa çeviriblər.”
Yəmənlilər əl-ələ verərək, bir-birilərinə kömək edir və bu yolla müharibənin ağrı və acılarını azaltmağa çalışırlar. Bu xeyriyyəçinin hərəkəti digər yəmənli iş adamları və tacirlər üçün də bir nümunə sayılır. Onlar da, bu kimi xeyriyyəçilik hərəkətlərinə qoşularaq, müharibə və blokada nəticəsində çətin günləri təcrübə edən xalqın əlindən tuta bilərlər.
Yerli sakin:
Biz xeyriyyəçilər və iş adamlarından istəyirik ki, bu çörəkçini buğda və un ilə təmin etsinlər ki, öz işini davam etdirə bilsin. 3 minə yaxın insan buranın hesabına çörəklə təmin edilir. Bu çörəyə ehtiyacı olan insanların sayı həqiqətən çoxdur.
Heç şübhəsiz bu gün müharibə və blokada üzündən bir çox yəmənli bu çörəyə ehtiyaclıdır və daha artıq iş adamı və xeyriyyəçinin bu işə dəstək olmasına ehtiyac var.