Fars körfəzinin cənubunda böhran
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272294-fars_körfəzinin_cənubunda_böhran
Ərəbistan başda olmaqla bir sıra ərəb ölkəsinin Qətər ilə diplomatik əlaqələri kəsməsi Fars körfəzinin cənubunda yeni böhran odunu alovlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 13:47 Asia/Baku
  • Fars körfəzinin cənubunda böhran
    Fars körfəzinin cənubunda böhran

Ərəbistan başda olmaqla bir sıra ərəb ölkəsinin Qətər ilə diplomatik əlaqələri kəsməsi Fars körfəzinin cənubunda yeni böhran odunu alovlandırıb.

ABŞ prezidenti Qətər əmirini Vaşinqtona dəvət edib. Donald Tramp Qətər əmiri Təmim bin Həməd Ali Sanidən Doha ilə bir sıra ərəb ölkəsi arasında yaranmış böhranla bağlı danışıqlar aparmaq üçün Vaşinqtona gəlməsini istəyib.  Bu arada Küveyt əmiri Qətər, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, yaranmış böhranla bağlı danışıqlar aparıb.

Ankarada səfərdə olan İran xarici işlər naziri də Qətər ətrafında yaranmış böhranla bağlı Türkiyə rəsmiləri ilə danışıqlar aparıb.

 


Fars körfəzinin cənubunda böhran. Bazar ertəsindən baş qaldıran gərginlik səngimək bilmir. Dörd gün öncə Ərəbistan Qətəri terrorizmi himayə və digər ölkələrinə müdaxilə etməkdə ittiham edərək, Doha ilə diplomatik əlaqələrini kəsdi. Ər-Riyadın bu addımından dərhal sonra bir sıra digər ölkələr də Ərəbistanın yolunu seçərək, Qətər ilə diplomatik əlaqələrini kəsdilər. Bəhreyn isə Qətərə hərbi müdaxiləni istisna etmir. Birləşmiş Ərəb Əmirlikləri isə Qətərin müdafiəsinə qalxan hər bir kəsin həbs və cərimə ediləcəyini bildirib.

 

Ənvar Qərqaş – Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri:

Qətərin siyasətləri təxribat xarakteri daşıyır. Əgər bu ölkə bu kimi rəftarlara son qoyması barədə üzərinə qətiyyətli öhdəlik götürməzsə, biz Qətərə daha artıq təzyiq göstərəcəyik.

 

Ərəbistan Tunisin də razılığını cəlb etməyə çalışır. Amma, indiyə kimi Livan, Oman, Pakistan və Küveyt Ər-Riyadın istəyini qəbul etməyərək, böhranın həlli istiqamətində vasitəçilik yolunu seçiblər. Küveyt əmiri bir neçə saat ərzində Qətər, BƏƏ və Ərəbistana səfər edib. Zərif də Ankarada Türkiyə rəsmiləri ilə görüşüb, yaranmış böhranı araşdırıb. İran və Türkiyə baş qaldıran böhranın ardınca Qətərin öz ehtiyaclarını təmin etmək üçün əl uzatdığı iki əsas ölkə sayılır.

 

Məhəmməd Cavad Zərif – İranın xarici işlər naziri:

Mənim Ankaraya olan səfərimin məqsədi ikitərəfli əlaqələr, regional məsələlər, Suriya böhranı və regionda olan digər məsələlərlə bağlı Türkiyə rəsmiləri ilə danışıqların aparılması məqsədini daşıyır. Yaşananlar son dərəcə ciddi narahatlıq doğurur və barəsində Türkiyə rəsmiləri ilə yaxından məsləhətləşmələrə ehtiyac var.

 

Berlində Ərəbistanın xarici işlər nazirini qəbul edən Almaniya xarici işlər naziri isə Adil Əl-Cübəyr ilə birgə mətbuat konfransında Ali-Səudun siyasətlərini tənqid edib və yaşananları Trampın Ər-Riyad səfərinin nəticələri adlandırıb.

 

Ziqmar Qabriel – Almaniya xarici işlər naziri:

Ərəbistan yarımadasında yaşanan son olaylar narahatlıq doğurur. Ərəbistan yarımadasında yaşanan diplomatik böhran Yaxın Şərqdə siyasətlərin “Tramplaşmasına” səbəb ola bilər. Ərəbistan və Amerika arasındakı son silah müqaviləsi region ölkələri arasında silahlanma rəqabətinə yol açacaq.

Bu məsələ analitiklərin də diqqətindən yayınmayıb.

 

Leonid İsayev – Rusiyalı analitik:

Səbəbləri Vaşinqtondan daha çox Ər-Riyadda axtarmaq lazımdır. Baş verənlər İsrail tərəfindən də müsbət qarşılanıb. Buna görə də yaşananların Qətərin qaz bazarından çıxarılmasına və İrana, müqavimət cəbhəsinə zərbə vurmağa hesablandığını çox asanlıqla demək mümkündür.

 

Bazar ertəsi günü Ərəbistanın Qətərə qarşı addımlarını himayə edən Tramp indi öz mövqeyini 360 dərəcə dəyişərək, Qətər əmirini böhranın həll yolları barədə danışıqlar aparmaq üçün Vaşinqtona dəvət edib. Görəsən daha çox tacir xislətinə malik olan Tramp Ərəbistanın ardınca indi də,  Fars körfəzinin cənubunda yerləşən digər ölkələri “sağmaq” niyyətindədir? Bunu zaman göstərəcək.