Liviya sahillərində miqrant böhranı
Mühacirləri daşıyan qayığın Liviya sahillərində batması nəticəsində 8 mühacir həyatını itirib. Bu hadisədə onlarla nəfər də itkin düşüb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Liviyanın sahil qvardiyası şənbə günü bildirib ki, mühacirləri daşıyan bir qayığın Liviyanın sahil sularında batması nəticəsində 8 nəfər ölüb. Hadisədə yüzdən çox mühacirin də itkin düşdüyü bildirilir.
Liviyanın sahil qvardiyası komandanı Fəthi Əl-Rəyanın dediyinə görə, hadisə 120 nəfərlik tutuma malik olan bir qayığın batması nəticəsində baş verib.
Əl-Rəyanın dediyinə görə, bu hadisədə ən azı 100 mühacirin itkin düşdüyü ehtimal olunur.
BMT-nin didərginlər üzrə ali komissarlığı cari ilin əvvəllərindən bəri 61 min mühacirin Aralıq dənizindən keçərək, İtaliyaya daxil olduğunu və 1778 nəfərin bu yolda həyatını itirdiyini bildirib.