Yəmən qüvvələri Ərəbistan hərbçilərinin mövqelərini atəşə tutublar
Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı ordusunun Cizandakı mövqelərinə hücum ediblər. Nəticədə azı 40 səudiyyəli hərbçi öldürülüb və ya yaralanıb.
Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri Cizan bölgəsində əl-dəfinə, Qaim Zübeyd və əl-Kərs bazalarını atəşə tutublar. Nəticədə 15 səudiyyəli hərbçi ölüb.
Yəmən qüvvələri Cizanın şimalında əl-Xubə bölgəsinə hücum ediblər. Bu da Ərəbistan mövqelərinin dağılması ilə nəticələnib. Bu hücumlarda azı 25 nəfər yaralanıb.
Cizanda əl-Təval keçidinin şərqində səudiyyəli hərbçilərin toplaşdığı məkan da Yəmən ordusunun ağır artilleriyasının hücumuna tuş gəlib.
Məlumatlara görə, Yəmən qüvvələri Ərəbistanın cənubunda Nəcran və Əsir bölgələrində səudiyyəlilərin mövqelərinə hücumlar təşkil edib və onlara ağır zərbələr vurublar.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi hücuma keçərək bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb və istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq niyyətindədir.
Bu hücum 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib.