Yüzlərlə fələstinli cümə namazını Əl-Əqsa məscidində qıldı
Yüzlərlə fələstinli Əl-Əqsa məscidinin qapılarının fələstinlilərin üzünə bağlanılmasından 3 həftə sonra bu gün cümə Əl-Əqsa məscidinə daxil olaraq, sakit bir atmosferdə cümə namazında iştirak ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İsrail rejimi cümə günü fələstinlilərlə sionist hərbçilər arasında yenidən qarşıdurmanın yaşanmasından ehtiyat edərək, Əl-Əqsa məscidinin ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.
İsrailin 2-ci telekanalı bu barədə məlumat verib: Əl-Əqsa məscidində sakitliyin bərqərar edilməsinə və yaşamın normal hala qayıtmasına baxmayaraq, İsrail hərbçiləri hələ də gərginliyin yenidən alovlanmasından ehtiyat edirlər.
Qüds şəhəri və Qərb Sahili ötən 3 həftə ərzində fələstinlilərlə sionist rejim hərbçiləri arasında ciddi toqquşmaların şahidi olub. İsrail rejiminin Əl-Əqsa məscidinin qapılarını fələstinlilərin üzünə bağlamaq, daha sonra giriş qapılarına elektron detektorlar quraşdırmaq istəməsi fələstinlilərin ciddi etirazına səbəb olmuşdu.
Fələstinlilərin geniş etirazları və beynəlxalq tənqidlərin artmasının ardınca İsrail rejimi Əl-Əqsa məscidinin qapılarını fələstinlilərin üzünə açmağa və elektron detektorları giriş qapılarından yığışdırmağa məcbur olub.