Netanyahu əleyhinə on minlik etiraz aksiyası
-
Netanyahu əleyhinə on minlik etiraz aksiyası
İşğal edilmiş Fələstin ərazilərinin sakinlərindən olan təqribən 20 min nəfər şənbə günü Təl-Əvivdə baş nazir Benyamin Netanyahu əleyhinə aksiya keçirib. Bu etiraz aksiyasının səbəbi İsrail rejiminin baş nazirinin öz səlahiyyətlərindən sui-istifadə etməsi olub.
İRİB-nin verdiyi məlumata görə, bu aksiyanı Netanyahu əleyhinə ən böyük aksiya hesab etmək olar.
Netanyahunun 2 korrupsiya işində iştiraka malik olduğu bildirilir. Bunlardan biri varlı iş adamlarından bahalı hədiyyələr almaq, digəri isə Nazirlər Kabineti ilə bağlı xəbərlərin "Yadiot Aharonot" qəzetinin inhisarına verilməsi və "İsrail Home" qəzetinin fəaliyyətinin məhdudlaşdırılması barədə gizli sövdələşmənin həyata keçirilməsidir.
Şənbə günü keçirilən etiraz aksiyasının səbəbi gələn həftə İsrail Knesseti tərəfindən təsdiq edilməsi gözlənilən qanun layihəsidir. Bu qanun layihəsinə əsasən, Netanyahu əleyhinə olan bu iki cinayət işi ilə bağlı faktların ictimaiyyətə açıqlanması qadağan edilir.
Netanyahunun istefası və onun korrupsiya işinin sürətlə araşdırılması tələbi ilə keçirilən aksiyalar artıq bir neçə aydır ki, işğal edilmiş Fələstin ərazilərində davam edir.
Tənqidçilərin dediklərinə görə, bu qanun layihəsi Netanyahunu aşkar formada müdafiə edərək, ictimaiyyətin baş verənlərdən məlumatsız saxlanılmasına hesablanıb.
İsrail rejiminin baş naziri Benyamin Netanyahu cinayətə cəlb olunan ilk İsrail rəsmisi deyil. Bundan öncə bir çox İsrail rəsmisi də korrupsiya və əxlaqsızlıqda ittiham və mühakimə edilib.
İsrail rejiminin sabiq baş naziri İhud Olmert də 2014-cü ildə rüşvət almaqda ittiham edilmişdi. Ariyel Şaron da baş nazirlik dövründə rüşvət almaqda ittiham və istintaqa cəlb edilmişdi.