Bəhreyndə etiraz aksiyası
Bəhreyn xalqı dünən gecə Ali şəhərində etiraz aksiyası keçirərək Ali-Xəlifə rejiminin müxalif ruhanilərindən olan Mahmud Əl-Alinin həbsini pisləyib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirərək Şeyx Mahmud Əl-Ali və digər siyasi məhbusların dərhal azad edilməsini istəyib.
Ali-Xəlifə rejimi ötən həftə Mahmud Əl-Alini Şeyx İsa Qasimə dəstək vermək ittihamı ilə altı ay müddətində azadlıqdan məhrum etdi.
Ali-Xəlifə rejimi Şeyx İsa Qasimə də cəza vermişdir. Bu tanınmış ruhani 2016-cı il iyun ayından bəri öz mənzilində ev dustağı edilib və onun yaşadığı məhəllədə cümə namazının qılınmasına imkan verilmir.
Bəhreyn 2011-ci il 14 fevraldan bəri Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyalarının şahididir. Bəhreynlilər xalqın səsi əsasında dövlətin qurulmasını, ədalətsizlik və ayrı-seçkiliklərə son qoyulmasını istəyirlər.