Sionist nazir İranofobiya əsasında Ərəbistanı dəstəkləyib
Sionist rejimin müharibə naziri amerikalı heyətlə görüşündə, İranı Yaxın Şərqin destabilliyinin səbəbkarı adlandırıb və İranın Yəmənə raket göndərməklə Səudiyyə Ərəbistanının təhlükəsizliyini hədələdiyini iddia edib.
Fars Xəbər Agentliyinin məlumatına görə, sionist rejimin müharibə naziri Aviqdor Liberman çərşənbə axşamı günü amerikalı nümayəndələri qəbul edib. Bu heyət Nümayəndələr Palatasının Demokrat azlığının rəhbəri Nansi Pelosinin başçılığı ilə işğal olunmuş Fələstinə səfər edib.
Liberman amerikalı qanunvericilərlə görüşdə iddia edib ki, İran husilərə hərbi dəstəklə Yəməni destabil edib və Bəhreyn rejiminin də devrilməsinə çalışır.
Sionist rejimin müharibə naziri həmçinin İsrail rejiminə dəstək üzrə dəyişməz mövqeyi və bu rejimin raket proqramına kömək üzrə 705 milyon dollarlıq büdcənin ayrılmasına öz təşəkkürünü bildirib.
Libermanın Yəmən olayları haqda açıqlaması sionist rejim və ABŞ-ın dəstəyi ilə Ərəbistanın Yəmənə qarşı cinayətlərinin davam etməsinə Yəmənin raket bölmələrinin reaksiyası ilə bağlıdır. Bu həftə Ərəbistanın şəhərləri, o cümlədən paytaxt Ər-Riyada doğru azı 7 ədəd ballistik raket atılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi çərşənbə axşamı günü bildirib: Səudiyyəlilər başqalarına qarşı əsassız ittihamlar irəli sürərək Yəməndəki ardıcıl məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən əleyhinə koalisiyanın sözçüsü Türki əl-Maliki bazar ertəsi günü Yəmənin Ər-Riyada qarşı intiqam xarakterli raket hücumlarından sonra İranı Yəmənə silah, o cümlədən raket qaçaqçılığında suçlayıb və Yəmənin Ərəbistana raket hücumlarında Tehranın rolunun olduğunu iddia edib.