Fələstinlilər "Xəbərdarlıq Cüməsi"ndə sionist rejimə qarşı mübarizəyə təkid ediblər
Fələstinlilər böyük "Qayıdış Haqqı" yürüşlərinin 7-ci cüməsində "Xəbərdarlıq Cüməsi" adlı yürüş təşkil edərək, sionist rejimə qarşı mübarizənin davam etdiriləcəyini bildiriblər.
Fələstinlilərin böyük “Qayıdış Haqqı” yürüşlərinin 7-ci cüməsində də işğal edilmiş ərazilərin sərhəd məntəqələrində İsrail hərbçilərinin müdaxiləsi qarşıdurma və gərginliyə səbəb olub. Fələstinlilər “Səfalət Günü” astanasında keçirilən bu yürüşlərdə iştirak edərək, bir daha sionist İsrail rejiminə qarşı mübarizə və müqavimətin davam etdirilməsini vurğulayıblar.
Aksiya iştirakçılarından biri deyir: “Bu yürüşlərdə iştirak etməklə dünyaya işğalçı sionist rejimin heç vaxt bizimlə qonşu ölkəyə çevrilməsinə icazə verməyəcəyimizi elan edir və bildiririk ki, işğal edilmiş ərazilərimizi azad edənə kimi mübarizədən əl çəkməyəcəyik.”
Bir başqa aksiya iştirakçısı bildirib: “İşğalçılar bilməlidirlər ki, biz öz yolumuzdan dönməyəcəyik. Canımız və qanımız Qüdsə və Fələstinə fəda olsun. Bu tikanlı telləri isə bir gün torpaqlarımızdan söküb atacağıq.”
Qayıdış Haqqı yürüşündə iştirak edənlər yürüşün “Səfalət Günü”ndən sonra da davam edəcəyini və bu yürüşün işğalçı rejim ilə yeni bir qarşıdurmanın başlanğıcı olduğunu bildiriblər. Onlar bu yürüşün sionistlərin cinayətlərini ifşa etməklə, onları rüsvay edəcəyini və fələstinlilərin öz ideyalarına nə qədər sadiq olduqlarını dünyaya bəyan edəcəyini də vurğulayıblar. Baxmayaraq ki, bu yolda tələfatsız da ötüşmək olmayacaq.
Fələstinli mübarizlərdən biri deyir: “Sionist düşmən bilməlidir ki, biz son damla qanımıza kimi mübarizə aparacaq və təslim olmayacağıq.”
“Xəbərdarlıq Cüməsi” “Səfalət Günü”ndən öncəki sonuncu cümə idi. Fələstinlilər “Səfalət Günü”ndə də böyük yürüş təşkil edərək, indi işğal altında olan bu torpaqların sahibsiz olmadığını və bir gün həqiqi sahiblərinin yenidən bu torpaqlara qayıdacağını dünyaya bəyan edəcəklər.