İraqda yeni hökumət üçün koalisiya danışıqlarına başlanıldı
-
İraqda yeni hökumət üçün koalisiya danışıqlarına başlanıldı
İraqda siyasi partiyalar yeni hökumətin formalaşdırılması üzrə təşkil ediləcək koalisiya ilə bağlı danışıqlara başlayıblar.
Bu günlər İraqda yeni hökumətin təşkil edilməsi üzrə qızğın siyasi məsləhətləşmələr aparılır. Sədr cərəyanının rəhbəri Müqtəda Sədr ayrı-ayrılıqda hazırkı baş nazir Heydər Əl-İbadi və Əl-Fəth fraksiyasının rəhbəri Hadi Amiri ilə görüşüb.
Nuri Maliki isə hazırkı parlament sədri Səlim Cəburi, Əl-Hikmə fraksiyasının rəhbəri Seyid Əmmar Həkim və İraq Kürdüstanı Demokrat Partiyasının başçısı Məsud Barzani ilə görüşüb, seçkilərdən sonrakı durumu dəyərləndirib.
Siyasətçilər müxtəlif qruplar arasındakı bu görüşləri, mövqelərin yaxınlaşdırılması üçün müsbət dəyərləndirirlər: “Yeni hökumətin formalaşdırılması prosesi düzgün şəkildədir və sıx danışıqlar aparılır.”
Bir başqa siyasi qrupun üzvü isə deyir: “Biz ümumiyyətlə mütəşəkkil və müstəqil bir nazirlər kabinetinin tərəfdarıyıq. Yalnız bu yolla xalqa xidmət etmək olar. Bu isə bütün qrupların əməkdaşlığı ilə mümkündür.”
İran İslam Respublikasının Bağdaddakı səfirliyi isə seçkilərin uğurlu alınması münasibətilə bütün siyasi qrupların nümayəndələrini iftar süfrəsi arxasında bir araya toplayıb: “Milli iradənin və xalqın öz taleyinin təyin edilməsindəki iştirakının nişanəsi olan dördüncü parlament seçkilərinin uğurlu keçirilməsi münasibəti ilə İraq xalqı və hökumətini təbrik edirəm.”
Mərasim iştirakçılarından biri deyir: “Seçkilərdə qələbə çalan bütün siyasi qruplar müəyyən bir ictimai kəsimin nümayəndələridirlər. Buna görə də gələcək hökumətdə bütün qrupların təmsil olunmasını istəyirik.”
Proqnozlara əsasən siyasi qruplar arasındakı müzakirələrin gedişi yeni hökumətin mübarək Ramzan ayının başa çatmasından öncə təşkil ediləcəyini deməyə əsas verir.