Fələstinlilər zülm və zorakılıq əleyhinə mübarizəyə təkid etdilər
-
Fələstinlilər zülm və zorakılıq əleyhinə mübarizəyə təkid etdilər
Qəzzə sakinləri 30 mart 2018-ci il tarixindən başlayan “ Qayıdış Haqqı” yürüşlərinin davamında, dünən cümə günü bir daha işğal altında olan Fələstin əraziləri ilə sərhəd məntəqədə geniş aksiya təşkil edərək “Əsrin Anlaşması” və Qəzzənin mühasirəsi əleyhinə şüarlar veriblər.
Fələstinlilər “Qayıdış Haqqı” yürüşlərinin davamında bu cümə “Əsrin Anlaşmasına və Mühasirəyə Son” adı altında yürüş təşkil edərək, bir daha öz haqq və hüquqlarına göz yummayacaqlarını bildiriblər.
On minlərlə Qəzzə sakini ənənəvi hal alan cümə günü yürüşlərində iştirak edərək, fələstinlilərə qarşı zülm və haqsızlığa son qoyulmasını istəyir.
Bu cümə də fələstinli gənclər ilə işğalçı rejimin hərbçiləri arasında ciddi qarşıdurmalar yaşanıb. İsrail hərbçilərinin atəş açması nəticəsində təqribən 500 fələstinlinin yaralandığı bildirilir.
Aksiya iştirakçılarından biri deyir: Öz haqq və hüquqlarımızın təmin olunmadığı və Qəzzənin mühasirəsinə son qoyulmadığı zamana kimi “Qayıdış Haqqı” yürüşləri davam edəcək. Və biz bu yoldan dönməyəcəyik. İsrailin maraqlarına xidmət edən istənilən anlaşmaya da qarşıyıq. Və regionla bağlı sionist planların icrasına icazə verməyəcəyik.”
Bir başqa aksiya iştirakçısı isə deyir: “Biz, “Əsrin Anlaşması”nın nakam qalacağı günə kimi öz mübarizəmimizi davam etdirəcəyik. Bu mənfur anlaşma Qüdsü İsrailin paytaxtı olaraq qələmə verməyə çalışır. Qüds Fələstinin paytaxtıdır və bunu heç nə dəyişə bilməz. Biz bu anlaşma və Qəzzənin mühasirəsinin ləğv olunacağı günə kimi mübarizədən əl çəkməyəcəyik.”
Cümə günü yürüşündə fələstinlilər əllərində “Əsrin Anlaşması” əleyhinə şüarlar verərək, Ərəb və İslam ümmətindən Fələstin xalqını dəstəkləməsini istəyiblər. Çünki, sionist rejimin Ərəb və İslam dünyasına qarşı savaşında fələstinlilər ön cəbhədə yer alırlar.
Bu arada İsrail ordusu Qəzzənin cənubunda yerləşən Əl-Bric düşərgəsində bir təcili yardım mərkəzini hədəfə alıb. Bu hadisədə bir qrup həkim və xəstə müxtəlif dərəcəli xəsarətlar alıblar.
Fələstinlilər “Əsrin Anlaşması” adlı fitnəkar plana qarşıdırlar. Onlar bu mənfur planı dəstəkləyən ərəb ölkələrini qınayaraq, sonuna kimi bu fitnə əleyhinə mübarizə aparacaqlarını bildirirlər.