Qəzzənin cənubunda fələstinli yeniyetmə şəhid edilib
15 yaşlı fələstinli yeniyetmə cümə axşamı səhər Qəzzənin cənubunda İsrail hərbçiləri tərəfindən güllələnərək, qətlə yetirilib.
Fələstinin "Səfa" xəbər agentliyinin verdiyi məlumata görə, Mömin İbrahim Əbu İyadə adlı 15 yaşlı fələstinli yeniyetmə Qəzzənin cənubunda baş nahiyəsindən aldığı güllə yarası nəticəsində həlak olub.
Əbu İyadə ötən 24 saat ərzində şəhid edilən ikinci fələstinlidir.
Çərşənbə günü axşam da İsrail hərbçiləri Qələndiya sakini olan 26 yaşlı Məhəmməd Yusif Şəbanı Qüdsün Misrarə məntəqəsində güllələyərək, öldürmüşdülər.
Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Deyr Bələhdə İsrail hərbçilərinin atəş açması nəticəsində 13 fələstinli yaralanıb.
Fələstinlilərin 30 mart tarixindən başlanan böyük qayıdış yürüşü hər həftənin cümə günü Qəzzənin işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqəsində keçirilir. Qayıdış haqqı yürüşləri ABŞ səfirliyinin Qüdsə köçürülməsi və Qəzzənin mühasirədə saxlanılmasına etiraz olaraq keçirilir.
Qayıdış haqqı yürüşlərində indiyə kimi şəhid olan fələstinlilərin sayı 180 nəfərə çatıb.