Noy 10, 2018 20:42 Asia/Baku
  • Ənsarullah: Təcavüzkarları Yəməndə ölüm gözləyir
    Ənsarullah: Təcavüzkarları Yəməndə ölüm gözləyir

Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin Əl-Hüdəydə şəhərini ələ keçirmək üçün geniş hərbi əməliyyatlara başlayıblar. Amma, onların bu hücumu yəmənli qüvvələrin güclü müqaviməti ilə üzləşib. Əl-Hüdəydə şəhərinin ətrafında ağır döyüşlər gedir.

Təcavüzkarlar Yəmənin qərb sahillərində geniş hərbi əməliyyatlara başlayıblar. Bu əməliyyatlarda məqsəd Əl-Hüdəydə vilayətinə nəzarəti təmin etmək, Əl-Hüdəydə şəhərinə gedən bütün yolları ələ keçirmək, dəniz limanı və Əl-Hüdəydə hava limanının mühasirəsini təkmilləşdirməkdir.

Təcavüzkar qüvvələrin Əl-Hüdəydə şəhərinin cənub-şərq və cənub-qərb istiqamətində irəliləməsini asanlaşdırmaq üçün düşmən qırıcıları havadan işğalçı qüvvələri dəstəkləyirlər. Düşmənin amansız bombardmanları və artilleriya hücumlarına baxmayaraq, Yəmən ordusu və xalq qüvvələri təcavüzkarların hücumunun önləyərək, düşmənin tədarükat yollarını kəsiblər. Gedən döyüşlərdə mindən çox təcavüzkar və muzdlu qüvvə məhv edilib. Həmçinin, düşmənin yüzlərlə döyüş maşını və texnikası yararsız hala salınıb.

Yəmən ordusunun sözçüsü deyir: “Yəmənli qüvvələr təcavüzkarların tədarükat yollarını kəsiblər. İşğalçı qüvvələr döyüş meydanında çaş-baş qalıblar. Hətta, qırıcılarının amansız hücumları belə, onların mühasirədən xilas olmasına kömək edə bilməyib. Onlar ölüləri və yaralılarını helikopterlər ilə əməliyyat məntəqəsindən çıxartmağa məcbur olublar. Amma, yenə də döyüş bölgəsində onlarla düşmən cəsədi var.”

Düşmən qüvvələr bir neçə istiqamətdən o cümlədən şərqdə 16-cı kilometr məntəqəsindən habelə, cənub istiqamətdən Əl-Hüdəydə hava limanına doğru irəliləməyə cəhd göstəriblər. Hazırda Əl-Hüdəydə şəhərind olan və hərbi əməliyyatları yaxından izləyən Ənsarullah hərəkatının rəhbər üzvlərindən Məhəmməd Əl-Buxəyti  16-cı kilometr məntəqəsi və hava limanının hələ də yəmənli qüvvələrin nəzarəti altında olduğunu bildirib. Onun dediyinə görə, döyüş Hüdəydə şəhərindən kənarda davam edir.

Məhəmməd Əl-Buxəyti: “Qüvvələrimiz vəziyyətə nəzarət edir. Qarşıdan gələn saatlar ərzində qərb sahilində gedən döyüşlərlə bağlı yaxşı xəbərlərimiz olacaq.”

Şəhər sakinlərindən biri isə deyir: “Əl-Hüdəydə şəhərinə girmək düşmən üçün çox çətindir. Düşməni nakam qoymaq üçün bir çox imkanlarımız var. İndiyə kimi onların bütün hücumlarını zərərsizləşdirməyi bacarmışıq. Hazırda onların qüvvələri Əc-Cah, Cəbəliyə, Tuhəyta və bir sıra digər yerlərdə mühasirəyə düşüblər.”

Təcavüzkarların Əl-Hüdəydə şəhərinə irəliləməsini asanlaşdırmaq üçün Ərəbistan qırıcıları şəhərin 16-cı, 5-ci və 7-ci kilometr məntəqələrində əlaqə yolları, yaşayış və dövlət binalarını quduzcasına bombalayırlar. Sadəcə ötən bir neçə gündə bu məntəqələr 70 dəfə hava hücumuna məruz qalıb. Təcavüzkarların hərbi komandanlığı çarəsizlik üzündən Əl-Hüdəydə şəhəri və ətraf məntəqələrdə hərəkət edən bütün canlıları hədəfə aldıqlarını bildirib. Amma, yəmənlilər düşmənin bütün hücumları qarşısında güclü müqavimət göstərərək, təcavüzkarları Əl-Hüdəydədə ölüm gözlədiyini bildiriblər.

 

 

Teqlər