Adil Əl-Cübəyr kənarlaşdırıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331187-adil_Əl_cübəyr_kənarlaşdırıldı
Ərəbistan kralının fərmanı ilə xarici işlər naziri Adil Əl-Cübəyr vəzifəsindən kənarlaşdırılıb və İbrahim Əl-Əsaf Ərəbistanın yeni xarici işlər naziri təyin edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2018 16:18 Asia/Baku
  • Adil Əl-Cübəyr kənarlaşdırıldı

Ərəbistan kralının fərmanı ilə xarici işlər naziri Adil Əl-Cübəyr vəzifəsindən kənarlaşdırılıb və İbrahim Əl-Əsaf Ərəbistanın yeni xarici işlər naziri təyin edilib.

Əl-Hədəs telekanalının bildirdiyinə görə, Ərəbistan kralı Salman bin Əbdüləzizin fərmanı əsasında Adil Əl-Cübəyr xarici işlər üzrə müşavir nazir olub.

Ərəbistan kralı Nazirlər Kabinetinə dəyişiklik etməklə yanaşı, vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi altında Siyasi və Təhlükəsizlik Şurasının tərkibinə də dəyişikliyin edilməsinə dair göstəriş verib. Belə ki, kral Salmanın fərmanı ilə Müsaid Əl-İban Ərəbistanın milli təhlükəsizlik müşaviri təyin edilib.

Ərəbistan kralının fərmanına əsasən Abdullah bin Bəndər bin Əbdüləziz Milli Qvardiya naziri, Türki Əş-Şəbanə informasiya naziri, Həməd Ali Əl-Şeyx  təhsil naziri təyin olunublar.

Salman bin Əbdüləziz bu ölkənin Londondakı səfiri Məhəmməd bin Nəvaf bin Əbdüləziz bin Səudu da kənarlaşdırıb.

Ərəbistan kralı Əsir məntəqəsinin əmiri Feysəl bin Xalidi də kənarlaşdıraraq, Türki bin Təlalı onun yerinə əmir təyin edib.

Əl-Cəvf vilayətinin əmiri Bədr bin Sultan da Ərəbistan kralının fərmanı ilə kənarlaşdırılıb. Onun  yerinə Feysəl bin Nəvaf Əl-Cəvf vilayətinin əmiri təyin edilib.

Ərəbistanın Turizm Təşkilatının başçısı Sultan bin Salman da kralın fərmanı ilə öz vəzifəsini itirən rəsmilərdən olub.