ABŞ-ın regionda qalması və reaksiyalar
-
ABŞ-ın regionda qalması və reaksiyalar
ABŞ prezidentinin bu ölkə hərbçilərinin İraqda qalmasına dair düşünülməmiş sözləri İraq rəsmiləri və siyasi qruplarının geniş reaksiyasına səbəb olub.
ABŞ prezidenti Donald Tramp bazar günü amerikalı hərbçiləri İraqdan çıxartmaq niyyətində olmadığını deyərək, Vaşinqtonun İraqda hərbi bazaya malik olmaqda məqsədinin İrana yaxından nəzarət etmək olduğunu iddia edib.
Trampın bu açıqlaması İraq rəsmilərinin ciddi reaksiyasına səbəb olub. İraq prezidenti Bərhəm Saleh Trampın bu sözlərini kəskin formada rədd edib: "Trampın İran və İraq barədə dedikləri bizi təəccübləndirdi. Bu qüvvələrin digər məsələlərə o cümlədən İran məsələsinə müdaxilə haqqı yoxdur. Biz amerikalılara heç vaxt belə bir icazə verməyəcəyik. İraqdakı amerikalı hərbçilərin missiyası sadəcə terrorizm ilə mübarizə aparmaqdır. İraq hökuməti Vaşinqtonun İraqdakı hərbçilərinin sayı və onların missiyasına dair həqiqi açıqlama verməsini gözləyir."
Trampın açıqlamasından aydın olur ki, O, İraqı müstəqil bir ölkə olaraq görmür. Bu da İraq Parlamentinin sədri Məhəmməd Hələbusinin kəskin reaksiyasına səbəb olub: "Tezliklə baş nazir Adil Əl-Mehdi ilə görüşdə amerikalı hərbçilərin ölkədən çıxarılmasına dair zaman cədvəlinin hazırlanması məsələsini gündəmə gətirəcəyəm."
İraq Parlamentində iki əsas fraksiya olan Əl-İslah və Əl-Bəna fraksiyaları da amerikalı hərbçilərin İraqdakı iştirakını İraqın qonşu ölkələrlə münasibətlərinə zərbə vurmaq üçün bir fitnə adlandırıblar. Əl-Bəna fraksiyasının sədri Hadi Amiri deyib: "Biz amerikalılara etimad etmirik. Buna görə də onların İraqda hərbi bazaya malik olmasına qarşıyıq. Amerikalıların gizli planları var. Onlar bizim milli hakimiyyətimizi və təhlükəsizliyimizi nəzərə almırlar."
İraqın bəzi şəhərlərində o cümlədən Fəllucə və Mosulda amerikalı hərbçilərin hərbi bazalardan kənarda görünmələri isə iraqlı qüvvələr və yerli sakinlərin qəzəbinə səbəb olub. İraqın könüllü qüvvələri onların bu şübhəli hərəkətinə reaksiya olaraq, amerikalı hərbçilərin şəhərin mərkəzinə doğru irəliləməsinə mane olublar.
Mosul könüllü xalq qüvvələrinin komandan müavini Rizvan Əl-Ənzi: "Biz İraqdakı amerikalı hərbçiləri işğalçı hesab edirik. Onların strateji əməkdaşlıq müqaviləsi əsasında ölkədə olduğunu söyləyənlərə isə demək lazımdır ki, amerikalılar özləri bu anlaşmanı pozublar. Onlar, İŞİD-in Mosula hücum etdiyi zaman heç bir iş görməyərək, hadisələri kənardan izləməklə məşğul idilər."
Digər tərəfdən ABŞ Senatı amerikalı hərbçilərin Suriya və Əfqanıstandan çıxarılması proqramı ilə müxalifətinin davamında dünən bir qanun layihəsi hazırlayaraq, 68 lehinə və 23 əleyhinə səslə onu təsdiq etdi. Bütün bunlar regionda yeni bir fitnə odunun alovlanmaqda olmasından xəbər verir. Bu fitnə planı isə birbaşa olaraq İran-İraq əlaqələrini hədəfə alıb.
Amma, ABŞ-ın bu fitnəsi iraqlıların Vaşinqton əleyhinə vahid mövqedən çıxış etməsinə səbəb oldu. İraq parlamentinin sədr müavini Həsən Kərim Kəbi də parlamentin ilk iclasında İraq və ABŞ arasındakı təhlükəsizlik müqaviləsinin ləğv ediləcəyi və amerikalı hərbçilərin İraqdkı varlığına son qoyulacağından xəbər verib.