"Əsrin sövdələşməsi"nə qarşı geniş etirazlar
-
"Əsrin sövdələşməsi"nə qarşı geniş etirazlar
Fələstinin milli və islami qrupları Amerikanın "əsrin sövdələşməsi" adlı sülh planı ilə qarşılaşmaq məqsədilə Qəzzədə və qərb sahilində aksiya keçiriblər.
Davam edəcək bu aksiyanın iştirakçıları "əsrin sövdələşməsi" ilə müxalifət məzmunlu şüarlar veriblər. Onlar ABŞ və sionist rejimin bayraqlarını, eləcə də Amerika prezidenti Donald Trampın şəkillərini yandırıblar.
"Rəy Əlyəum" adlı elektron qəzet də xəbər veribdir ki, dünən gecə Qəzzədə üç mindən çox fələstinli Amerikanın planına qarşı çıxaraq, küçələrə çıxıbdır.
Fələstinli etirazçılar bu icbari planı pisləyib və rədd ediblər. Onlar "Sövdələşməyə- qəti yox!" və "Sövdələşmə icra olunmayacaq!" kimi şüarlar veriblər.
Qəzzədən başqa, müxtəlif Fələstin şəhərlərinin, eləcə də qərb sahilində yerləşən düşərgələrin sakinləri küçələrə axışıblar. Etirazçılar həmçinin dünya ictimaiyyətindən istəyiblər ki, Tramp hökumətinin planını rədd etsin.
Nablusda fələstinli gənclər Əlxəlil şəhərinin şimalındakı sionist qəsəbə sakinlərinin avtobuslarına tərəf daş atıblar.
Bundan əlavə, Fələstinin milli və islami qrupları bildiriblər ki, "əsrin sövdələşməsi"nə qarşı çıxmaq və onunla mübarizə aparmaq, həmçinin onun icrası üçün göstərilən bütün səyləri uğursuz qoymaq məqsədilə Qəzzə və Qərb sahili bu gün və sabah geniş aksiyalar səhnələri olacaqlar.