ABŞ-ın YPG ilə yeni neft sövdələşməsi hiddət doğurdu-təhlil
ABŞ-ın Suriyada qeyri-qanuni olaraq YPG terror təşikatı ilə neft müqaviləsi Dəməşq tərəfindən oğurluq faktı kimi qiymətləndirilib.
SəhərAzəri xəbər verir, Suriya hökuməti bəyan edib ki, ABŞ şirkətinin bu addımı ölkənin təbii sərvətlərini oğurlamaqdan başqa bir şey deyil. Türkiyə isə ABŞ-ı Suriyada neft sövdələşməsi ilə məşğul olaraq terrorizmi malliyyələşdirməkdə ittiham edib.
Xatırladaq ki, Suriyadakı YPG kürd qüvvələrinin siyasi nümayəndələri yenicə Amerika Birləşmiş Ştatlarının şirkəti ilə Suriya dövlətinə məxsus neft yataqlarının modernləşdirilməsi barədə saziş imzalayıblar. Bu barədə ABŞ Konqresi Senatının üzvü Lindsi Qreham xəbər verib.
Röyters Xəbər Agentliyinin məlumatına əsasən, respublikaçı-senator Senatın Xarici İşlər Komitəsindəki dinləmələr zamanı YPG komandanı, general Məzlum Kobanidən aldığı informasiya haqda dövlət katibi Mayk Pompeo-ya sual verib. Dövlət katibi isə cavabda hökumətin sözü gedən terror təşkilatı ilə sazişi dəstəklədiyini vurğulayıb.
Bir qədər əvvəl Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Birləşmiş Ştatlar ləngimədən Suriyanın şimal-şərqindəki neft obyektlərinin işğalını dayandırmalıdır.
Rusiyalı nümayəndə deyib: «Biz, yenidən ABŞ-ı ləngimədən Suriya Ərəb Respublikasının işğalını dayandırmağa və onun təbii ehtiyatlaını hökumətə qaytarmağa çağırırıq» .
Qeyd edək ki, Birləşmiş Ştatlar bundan əvvəl, Suriyada Fərat çayının şərq rayonlarında yerləşən neft yataqlarının mühafizəsi üçün xüsusi bölmələrin yaradılmasına başlayıb. Bu bölmələrin nüvəsini əsasən kürdlərdən ibarət YPG yaraqlıları təşkil edir.
ABŞ-ın Qərbi Asiyadakı Mərkəzi Komandanlığı daha əvvəl bu ölkə əsgərlərinin Suriya neftini və gəlirlərini çıxarmaq üçün orada qaldıqlarını bildirmişdi. Suriya hökuməti isə ABŞ və müttəfiqlərinin hərəkətlərini bu ölkəyə qarşı işğal kimi qiymətləndirdiyini dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Buna baxmayaraq amerikalılar bu çağırışları qulaq ardına vururlar.
2019-cu ilin noyabr ayının əvvəlində Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında verdiyi vədinə baxmayaraq, hazırda ABŞ qüvvələri Suriyanın neft ehtiyatlarının 90%-nin yerləşdiyi Fərat çayının şərqindəki ərazidə qalmaqda davam edir.
Bununla əlaqədar ötən ilin noyabr ayı Tramp hökuməti Suriyanın neft yataqlarının müdafiə olunması bəhanəsi ilə Pentaqona müvafiq göstəriş verdi və bu ölkənin Suriyadakı icazəsiz hərbi missiyasının genişləndirilməsini təsdiqlədi.
Müşahidəçilərin dediyinə görə, Birləşmiş Ştatlar neft yataqlarından istismar olunan neftin satışa çıxarılması ilə Pentaqonun birbaşa nəzarətində olan ayrı-ayrı terror təşkilatlarını, həm də Türkiyə tərəfindən terror qruplaşması hesab olunan və Suriyanın mərkəzi hökumətinə tabe olmaqdan çəkinən YPG yaraqlılarını maliyyələşdirir.