Suriya və Rusiya xarici işlər nazirləri bir araya gəlib
Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında Moskvanın beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasında mühüm rol oynadığını söyləyib.
SəhərAzəri xəbər verir, Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirilən mətbuat konfransında deyib: "Görüşümüz zamanı Suriya böhranının Astana prosesi çərçivəsində həlli üçün səylərin davam etdirilməsinin vacibliyi vurğulandı".
Lavrov əlavə edib: "Suriyadakı siyasi və hərbi vəziyyət yaxşılaşdıqca iqtisadi və sosial məsələlərin həlli üçün humanitar tədbirlər həyata keçirilməlidir"
"Bu məsələlərin həlli qaçqınların Suriyaya qayıtmasına zəmin yaradacaq", - deyə o, əlavə edib.
Rusiyanən xarici işlər naziri Suriyaya qarşı sanksiyalar məsələsinə də toxunub və deyib: "Bu sanksiyalar Suriyanın iqtisadi və sosial problemlərinin həllini çətinləşdirir. Biz Suriyada xarici hərbi birləşmələrin qanunsuz varlığını qınayırıq".
Lavrov mətbuat konfransında vurğulayıb: "İki ölkə arasındakı strateji əlaqələri gücləndirmək niyyətindəyik və hal hazırda Moskva ilə Dəməşq arasında iqtisadi razılaşma üçün yekun bir çərçivənin hazırlanmasının son mərhələsindəyik".
Rusiya xarici işlər naziri Vaşinqtonun düşmənçilik siyasətinə toxunaraq, deyib: "Amerikalılar heç bir fakt və sübut təqdim etmədən açıq ittihamlar irəli sürürlər və bu hərəkət onların beynəlxalq siyasətinin tərkib hissəsi olubdur. ABŞ Dövlət katibi Mayk Pompeo bir sıra Afrika ölkələrini Rusiya və Çin ilə iqtisadi cəhətdən əməkdaşlıq etməməyə çağırıb".
Feysəl Əl-Miqdad da mətbuat konfransında deyib: "Son illər ərzində iki ölkə arasındakı münasibətlər yaxşılaşaraq, daha yüksək səviyyəyə çatıbdır. Bu münasibətlər iki prinsipə əsaslanır: birincisi, terrorizmlə müharibə və ikincisi, millətlər arasında əlaqələrin möhkəmləndirilməsi".
O, sözlərinin davamında deyib: "Moskva beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasında mühüm rol oynayır. Biz ABŞ-ın beynəlxalq arenada necə davrandığının və beynəlxalq qurumlardan çıxdığının şahidi olmuşuq".
"Rusiyanın beynəlxalq arenada artan rolunu alqışlayırıq və ümid edirik ki, bu rol çoxqütblü dünyada yeni bir dövrün başlanğıcı və Qərbin quldurluğu qarşısında bir maneə olacaq", - deyə Əl-Miqdad əlavə edib.
Suriyanın xarici işlər naziri daha sonra deyib: "Bəzi ölkələr Suriyanın siyasi sistemini dəyişdirmək üçün bu ölkəyə terrorçu göndərdilər, ancaq rus dostlarımız terrorizmin bütün dünyanı hədələdiyini başa düşdülər. Son aylarda Rusiya ilə Suriya əməkdaşlığı əhəmiyyətli nailiyyətlərin reallaşmasına səbəb olacaq".
"Bəzi Qərb ölkələri Suriyanın Konstitusiya Komitəsinin fəaliyyətinə müdaxilə edirlər. Suriya 10 il müddətinə xarici müdaxilə və terrorizm qarşısında dayandı və bu məsələ bəzilərini dəli edibdir", - deyə F.Əl-Miqdad əlavə edib.
Suriyanın xarici işlər naziri qeyd edib ki, amerikalılar Suriyanın bərpasına icazə verməyəcəkləri ilə hədələyirlər və bələliklə terrorçulara dəstək mesajı göndərirlər. ABŞ-ın bütün diqqəti Suriyanın məhv edilməsi və dağıdılmasına yönəlibdir.
Qeyd edək ki, bu Feysal Əl-Miqdadın Suriya xarici işlər naziri kimi Rusiyaya ilk səfəridir. O, bundan öncə Tehrana səfər edib.