Avq 01, 2022 19:52 Asia/Baku
  • Nəsrullahdan sionist rejimə xəbərdarlıq: Müqavimət hər cür ssenariyə hazırdır

Livan Hizbullahının baş katibi dünən axşam Beyrutda keçirilən Məhərrəmliyin üçüncü gecəsinin mərasimində etdiyi çıxışında sionist rejimə xəbərdarlıq edib və müqavimətin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

"FARS" xəbər agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah məhərrəm ayının üçüncü gecəsində Beyrutun cənub ətrafında keçirilən əzadarlıq mərasimində etdiyi çıxışında vurğulayıb: "Biz nə sionist rejimlə dəniz sərhədlərinin müəyyən edilməsi üçün aparılan danışıqların tərəfiyik, nə də ki, kimisə bizim tərəfimizdən danışıqlar aparmağa təyin etmişik". 

O, bu danışıqlarda Livan hökumətini dəstəklədiyini bildirib və deyib: "Dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı danışıqlara prezident rəhbərlik edir və biz hökumətin heç bir addımına veto qoymayacağıq". 

Nəsrullah müqavimətin İsrail rejiminə münasibəti və davranışının mübahisəli dəniz ərazisi ilə bağlı Beyrut və Təl-Əviv arasında davam edən dolayı danışıqların nəticələrindən asılı olduğunu bildirib.

O, İsrail gəmisinin qaz çıxarmaq üçün Kariş qaz zonasına qeyri-qanuni daxil olmasına toxunaraq, deyib: "Livan müqaviməti ölkə qarşısındakı variantları nəzərdən keçirir, vəziyyətin danışıqlar yolu ilə həll oluna bilməsi üçün 50 faiz şans var 50 faiz də müharibə ehtimalı var".

Hizbullahın baş katibi bundan əvvəl Livan və sionist rejim arasında Kariş neft yatağı ilə bağlı mübahisələrə toxunaraq, demişdi: "Livan müqaviməti müharibəyə səbəb olsa belə, İsrail tərəfindən neft çıxarılmasına imkan verməyəcək".

Kariş yatağı 1430 kvadrat kilometr sahə ilə Livan və işğal olunmuş Fələstin arasında 29-cu dəniz sərhəd xəttində yerləşir. Livan deyir ki, bu neft yatağının böyük bir hissəsi bu ölkənin sərhədləri daxilində yerləşir və digər tərəfdən sionist rejim bütün bölgənin bu rejimin qondarma "suverenliyi" altında olduğunu iddia edir.

Sionist rejim tərəfindən iki ay əvvəl "Energy and Power" kəşfiyyat gəmisinin Livan və Fələstin sərhədlərində yerləşən mübahisəli Kariş bölgəsinə göndərilməsi Livan və sionist rejim arasında gərginliyə səbəb olub və Livanın Aralıq dənizindəki neft və qaz yataqları ilə bağlı hüquqları uğrunda mübarizəni kulminasiya nöqtəsinə çatdırıb. 

Teqlər