Avq 22, 2022 11:48 Asia/Baku
  • Suriya nefti necə oğurlanır? - TƏHLİL

Suriyanın Neft Nazirliyi ABŞ-ın bu ölkədə mənimsədiyi neftin miqdarını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, hökumətin bildirdiyinə görə, şərq neft yataqları gündə 80,3 min barrel hasil edir ki, bunun da əksəriyyəti Amerika qüvvələri tərəfindən oğurlanır.

Nazirlik bildirib ki, cari ilin birinci yarısında bütövlükdə neft hasilatının həcmi təqribən 14,5 milyon barrel təşkil edib və gündəlik orta hasilat 80,3 min barrel olub. Bu da ölkənin neft hasilatının 80%-ı deməkdir. Suriya neftinin oğurlanması indiyədək ölkənin neft sənayesinə birbaşa və dolayısı ilə 105 milyard dollar ziyan vurub.

Qeyd edək ki, ABŞ qüvvələri və onların dəstəklədiyi separatçı kürd birləşmələri yaxud Türkiyənin terror təşkilatı adlandırdığı YPG 2014-cü ildən bölgədə İŞİD-lə mübarizə adı altında Fəratın şərqini və buradakı neft-qaz yataqlarını zəbt ediblər.

Amerika qüvvələri hazırda Suriya Kürd Demokratik Qüvvələrinin və ya YPG-nin köməyi ilə Həsəkə və Deyr əz-Zurun əsas neft və qaz yataqlarına nəzarət edirlər.

Bu istiqamətdə Amerika Suriya neftinin qaçaqmalçılığı üçün qeyri-qanuni marşrutlar yaradıb.

Bu arada rəsmi Dəməşqin ABŞ-I Suriyanın neft, qaz və buğda kimi təbii sərvətlərini oğurlamaqda ittiham etdiyi və Amerika əsgərlərinin bu ölkədən çıxarılmasını tələb etdiyi bir vaxtda, Amerika əsgərləri Suriya neftini qaçaqmalçılıq yolu ilə oğurlamaqda davam edirlər.

Digər tərəfdən Suriya hökuməti ölkənin neft ehtiyatlarının ABŞ tərəfindən oğurlanması ilə bağlı bir neçə dəfə BMT Təhlükəsizlik Şurasına şikayət edib. Lakin ortada heç bir nəticə yoxdur.

Maraqlıdır ki, ABŞ indiyədək dəfələrlə Suriyada terrorla mübarizə məqsədi ilə mövcud olduğunu iddia etsə də, əsas məqsədin nədən ibarət olduğunu keçmiş prezidenti Donald Tramp dilindən qaçırdıb. O, açıq şəkildə bəyan edib ki, Amerika hərbçilərinin Suriyada olması bu ölkənin neft quyularına görədir.

Çinin “China Daily” qəzeti bu yaxınlarda bir məqaləsində yazmışdır ki, ABŞ oğurluq cinayətində dünyanın bir çox ölkəsindən önə keçib. Bu faktı əlbəttə ki, başa düşmək asandır, çünki talançılıq və insanları hüquqlarından məhrum etmək uzun müddətdir ki, ABŞ-ın peşəsinə çevrilib.

 

Teqlər