Əmir Abdullahian Əsədlə görüşdə:
İran terrorizm ilə mübarizəni başa çatdırmaqda Suriyanın yanında olacaq
İran İslam Respublikasının xarici işlər naziri Suriya prezidenti Bəşşar Əsədlə görüşdə, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq, İranın terrorizmə qarşı kampaniyasını tamamlamaqda Suriyanın yanında olmağa davam edəcəyini bildirib.
Suriyanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparmaq üçün dünən Dəməşqə səfər edən Əmir Abdullahian bu gün günorta saatlarında Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.
Bu görüşdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisinin salamlarını suriyalı həmkarı Bəşşar Əsədə çatdırıb və onu Tehrana səfər etməyə dəvət edib.
Əmir Abdullahian dünən, çərşənbə günü Suriyanın baş naziri və xarici işlər naziri ilə apardığı danışıqlara toxunaraq deyib: "Biz bu danışıqlarda prezidentin Dəməşqə səfəri zamanı iki ölkə arasında əldə olunan razılaşmaların icrasının gedişatını müzakirə etdik və vurğuladıq ki, iki ölkə arasında əldə olunan razılaşmalar, o cümlədən doktor Rəisinin Dəməşqə səfəri zamanı imzalanmış sənədlər diqqətlə izlənilməli və həyata keçirilməlidir".
İranın xarici işlər naziri bu görüşdə Suriya hökuməti, xalqı və ordusunun onlara qarşı qlobal terror müharibəsini məğlub edərək, qələbə qazanmasına işarə edərək, əlavə edib: "Suriya hazırda ən yaxşı vəziyyətdədir və biz xoşbəxtik, çünki bu gün region və dünya Suriyanın reallığı və gücünü dərk edib, baxmayaraq ki, Suriyanın düşmənləri Suriya hökuməti və xalqına embarqo və iqtisadi təzyiq tətbiq etməklə öz siyasi məqsədlərinə nail olmağa çalışırlar".
"İran İslam Respublikası Suriyanın keçdiyi çətin günlərdə Suriyanın yanında olduğu kimi, yeni şəraitdə də Suriya və xalqının yanında olmağa davam edəcək", - deyə o, davam edib.
Əmir Abdullahian bütün tərəflərin Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsinin vacibliyini vurğulayıb və deyib: İran İslam Respublikası anti-terror prosesini tamamlamaqda hələ də Suriyanın yanındadır".
Əmir Abdullahyan İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gedişatını tərəqqi kimi qiymətləndirərək, bunu iki ölkənin və bütün regionun maraqlarına uyğun hesab edib. O, həmçinin Suriyanın Ərəb Liqasında mövcudluğunun və fəaliyyətinin bərpasından və Suriya ilə ərəb ölkələri arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edib.
Görüşün əvvəlində Suriya prezidenti Bəşşar Əsəd İran hökuməti və xalqını BRİKS qrupuna qoşulması münasibətilə təbrik edib və deyib: "Bu onu göstərir ki, dünya dəyişir və sizin və bizim müdafiə etdiyimiz şey doğru idi.
Suriya prezidenti hesab edib ki, Amerikanın regiondakı strategiyası öz maraqlarını təmin etmək və region ölkələri və xalqları arasında məzhəb və ya etnik çəkişmələr də daxil olmaqla, gərginlik və böhran yaratmaq və qızışdırmaqdır.
O, İranın ərəb ölkələri ilə əlaqələri gücləndirmək təşəbbüsünü alqışlayıb və bunu böyük strateji tədbir hesab edib.
Bu görüşdə iki tərəf Suriyadakı siyasi hadisələri, Astana prosesini, Suriya ilə Ərəb Liqası arasındakı əlaqələri, Fələstində baş verənləri və regiondakı bəzi digər məsələləri müzakirə ediblər.