Ərəb ölkələri İsrailin Qəzzəni işğal etmək qərarını kəskin pisləyiblər
Benyamin Netanyahunun işğalçılıq siyasətinə reaksiyaların davamında İraq, Qətər və Yəmən İsrail rejiminin Qəzzə zolağının tam şəkildə işğalına dair qərarını şiddətlə qınayıblar.
İraq bu işğalı planını kəskin şəkildə pisləyib və müstəqil Fələstin dövlətinin yaradılması da daxil olmaqla, Fələstin xalqının ayrılmaz hüquqlarına sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Qətərin Xarici İşlər Nazirliyi də İsrail rejiminin Qəzzə zolağının tam işğalı qərarını ən sərt ifadələrlə pisləyib. Qətər bu addımı davamlı atəşkəs istiqamətində səyləri ciddi şəkildə zəiflədən təhlükəli hadisə kimi qiymətləndirib.
Qətər sionist rejimi Qəzzəyə humanitar yardım üçün təhlükəsiz və davamlı çıxışı təmin etməyə məcbur etməyin zəruriliyini vurğulayıb.
Digər tərəfdən Yəmənin Milli Qurtuluş hökumətinin Xarici İşlər və Mühacirlər Nazirliyi bir bəyanatda bu addımı aşkar təcavüz və bütün beynəlxalq qanun və qaydaların açıq şəkildə pozulması adlandırıb.
Bu gün səhər saatlarında Türkiyə və Səudiyyə Ərəbistanı da İsrailin qərarını kəskin şəkildə pisləyiblər.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzədə hərbi əməliyyatları genişləndirməsini kəskin şəkildə pisləyib və rejimin bu hərəkətini “beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə” adlandııb. Hansı ki, regional qeyri-sabitliyi pisləşdirərək, Qəzzədə humanitar böhranı dərinləşdirəcək.
Türkiyə davamlı sülhün yalnız insan hüquqlarına hörmət və diplomatiyaya üstünlük verilməsi ilə əldə oluna biləcəyini vurğulayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də eyni şəkildə İsrailin Qəzzəni tamamilə işğal etmək qərarını ən sərt şəkildə pisləyib.
Bəyanatda təkrarlanan cinayətlər, o cümlədən Qəzzə sakinlərinin ac saxlanılması, vəhşi hərəkətlər və fələstinlilərə qarşı etnik təmizləmə pislənilib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, həm beynəlxalq ictimaiyyət, həm də Təhlükəsizlik Şurası üzvlərinin İsrailin təcavüzünü dayandırmaqda davam edən uğursuzluğu qlobal nizam və legitimliyi dəstəkləyən əsasları sarsıdır. Bu uğursuzluqlar regional və dünya miqyasında təhlükəsizliyi və sülhü təhdid etməklə yanaşı, növbəti soyqırımı və məcburi köçkünliyi təşviq edir”.
Bəyanatın sonunda deyilir: "İsrailin törətdiyi davamlı cinayətlər beynəlxalq ictimaiyyəti bu humanitar faciəyə son qoymağa yönəlmiş qəti çəkindirici mövqelər tutmağa məcbur edir".