UNICEF:
Qəzzə zolağında minlərlə uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF bildirib ki, atəşkəsin tətbiqinə baxmayaraq, Qəzzə zolağında minlərlə uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir.
“Əl-Əqsa” telekanalının məlumatına görə, UNICEF-in hesabatında vurğulanır ki, Qəzzədə atəşkəsin qüvvəyə minməsindən bəri minlərlə uşaq kəskin qidalanma çatışmazlığı səbəbindən Qəzzədəki xəstəxanalara yerləşdirilib.
UNICEF əlavə edib ki, yalnız ötən oktyabr ayında Qəzzə zolağında 9300 uşaq kəskin qidalanma çatışmazlığı səbəbindən müalicə alıb.
Hesabatda həmçinin qeyd olunur ki, oktyabr ayında 8300 hamilə və süd verən qadın da ağır qidalanma çatışmazlığı səbəbilə tibbi nəzarətə götürülüb.
UNICEF vurğulayıb ki, qidalanma məhdudiyyətləri olan qadınlar ya vaxtından əvvəl, ya da çəkisi az olan körpələr dünyaya gətirirlər və bu körpələr ya reanimasiya şöbələrində həyatlarını itirirlər, ya da sağ qalsalar belə, qidalanma çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkirlər.