Türkiyə BƏƏ-yə etiraz etdi
Türkiyə Xarici İşlər Nazirliyi cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırtdırıb və BƏƏ-nin xarici işlər nazirinin təhqiramiz bir yazını yenidən öz tvitter səhifəsində paylaşmasına etiraz edib.
BƏƏ-nin XİN başçısı Abdullah bin Zaid Ali Nihyan çərşənbə axşamı öz tvitter hesabında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın özünə və ölkəsinə qarşı hörmətsizlik hesab etdiyi bir yazını yenidən paylaşıb. Bu da iki ölkənin xarici işlər nazirləri arasında qarşılıqlı çəkişmələrə səbəb olub.
Abdullah bin Zaid Ali Nihyanın paylaşdığı yazıda deyilir: "Fəxrəddin Paşa (Osmanlı və Türkiyə ordusunun tanınmış komandanlarından) Mədinə şəhərinin sakinlərinə qarşı cinayətlər törədib, onların əmlakını oğurlayıbdır".
Bu yazıda həmçinin deyilir: Fəxrəddin Paşa Ərdoğanın əcdadı və ərəblərlə rəftarının keçmişidir.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı BƏƏ-nin xarici işlər nazirinə xitabən deyib: Həddini bil! Fəxrəddin Paşa Mədinə şəhərini müdafiə etməyə getdiyi zaman, sənin əcdadın harda idi?
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da BƏƏ xarici işlər nazirinin bu hərəkətinə kəskin reaksiya verib.
"Fəxrəddin Paşa Mədinə şəhərini Britaniyanın fitnəsi qarşısında qəhrəmancasına müdafiə etdi". Bu yazını İbrahim Kalın BƏƏ xarici işlər nazirinə cavab olaraq öz tvitter səhfəsində paylaşıb.
Fəxrəddin Paşa 1916-cı ildən 1919-cu ilə kimi Osmanlının Mədinə şəhərindəki valisi olub.
Bu, BƏƏ rəsmilərinin Türkiyə və ya regionun digər İslam ölkələrinə qarşı ilk hörmətsizliyi sayılmır. Rəsmi məlumatlara görə, BƏƏ indiyə kimi Ərdoğan hökumətini devirmək üçün milyardlarla dollar pul xərcləyib.