Türkiyə Prezidenti Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün əsas şərti açıqlayıb
"Cənubi Qafqaz regionunda 6 dövlətin iştirakı ilə bir əməkdaşlıq platforması yaradıla bilər; Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu əməkdaşlıq platformasında yer ala bilər".
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə və Azərbaycan Respublikası arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan sonra deyib:"Beləliklə, bu platforma ilə bir regional barışı təsis edə bilərik. Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var. Bunun üst və alt infrastruktur, siyasi, diplomatik və digər bir çox vəzifələri ortaya çıxır. Mən bu gün də cənab Əliyevə söylədim. Bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də qapalı sərhədlərimizi açarıq. Amma yetər ki, bu müsbət addımlar atılmış olsun. Bizim də sərhədlərimizi Ermənistana bağlamaq kimi bir dərdimiz yoxdur. Biz barışın göyərçinləri olmaq, barışın addımlarını atmaq istəyirik. Qaldı ki, bizim Ermənistan xalqına da bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Türkiyədə 100 minə yaxın erməni vətəndaşımız var. Bunların içərisində vətəndaşlıq haqqını əldə edənlər də, etməyənlər də var. Amma biz onları da ölkəmizdə qonaq edirik, çünki insanlara bir kinimiz yoxdur. Məqsəd xüsusən barışa nail olmaqdır. Amma burada liderlik çox önəmlidir”.