Yan 06, 2023 20:09 Asia/Baku
  • Türkiyə Ermənistanla birbaşa hava daşımalarına başlayıb

Türkiyənin “Habertürk” Telekanalı diplomatik mənbələrə istinadən bildirir ki, 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında hava yolu ilə daşınmalara başlanılıb. Daşınmalar ticarət məqsədlidir.

Məlumatda bildirilib ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə çatdırılıb. 

Qeyd edək ki, Türkiyə Ermənistanla rəsmi əlaqələrə malik olmağa səy göstərsə də  “erməni soyqırımı” iddiasına görə bu mümkün olmayıb. Belə ki, rəsmi İrəvan Türkiyənin bu iddia ilə bağlı üzr istəməsi və kompensasiya ödəməsini tələb edir və dolayısı ilə rəsmi Ankara ilə münasibətləri bununla şərtləndirir.

Buna baxmayaraq Türkiyə Ermənistanla münasibətlərin normallaşmamasını bu ölkənin Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti ilə bağlı göstərməyə çalışıb.

Sovet İttifaqının dağılmasından sonra Türkiyə Ermənistanla rəsmi münasibətlərə malik olmasa da iki ölkə şirkətləri arasında ticarət əlaqələri heç vaxt kəsilməmişdir.

İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Bu il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.

 

 

Teqlər