Türk jurnalı Cənubi Qafqazda sülhün İsrail üçün arzuolunmaz nəticələrindən yazıb;
Bəlkə sionistlər Azərbaycanla Ermənistan arasında sülhə mane olurlar!
Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən sülh danışıqları dalana dirənmiş kimi görünür. Türkiyənin Baran Dərgisi bu məsələdə sionist İsrail rejiminin mümkün rolundan bəhs edib.
Türk nəşri yazır ki, Azərbaycan və Ermənistan arasında sülh guya konstitusiyanın və köhnə diplomatik strukturların ləğvindən asılı kimi təqdim edilsə də, bunun arxasında daha mürəkkəb tənlik dayanır.
Doğrudur, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib: “Ermənistan Konstitusiyasına düzəlişlər edilməyincə sülh olmayacaq”. Ermənistanın baş naziri Nikol Paşinyan isə “biz sülhə hazırıq” deyir. Lakin sülh prosesinin ləngiməsində İsrail-Azərbaycan münasibətlərinin rolunu nəzərdən qaçırmaq olmaz. Azərbaycanın xüsusilə Qəzzə zolağında törədilən soyqırım və qırğınlara, eləcə də İsraillə hərbi tərəfdaşlığa baxmayaraq susması Bakının xarici siyasət oxunun nəyə əsaslandığını açıq şəkildə göstərir.
Məqalə müəllifinin fikrincə, Azərbaycan Ermənistanla real və davamlı sülh əldə etsə, onun Türkiyə ilə diplomatik münasibətlərinin normallaşacağı göz qabağındadır və bu vəziyyətin İsrail üçün arzuolunmaz geosiyasi nəticələrinin olacağı ilə bağlı qorxular var.
Nəşr qeyd edir ki, Türkiyənin Fələstin məsələsində aydın və sərt mövqe nümayiş etdirdiyi halda, Azərbaycanın İsraillə yaxın münasibətlərini davam etdirməsi onu göstərir ki, “qardaşlıq qanunu” deyil, “maraqlar ortaqlığı” üstünlük təşkil edir. Azərbaycan və Ermənistan arasında sülh yaranarsa, Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır. Lakin bu sülhün davamlı olaraq təxirə salınması, Əliyevin Tel-Əvivlə əlaqələrinin regional sülhdən daha artıq prioritetə çevrildiyini göstərir.
Belə bir mühitdə Azərbaycanın “Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən sülh olmayacaq” mövqeyi onu deməyə əsas verir ki, sülh prosesi “real” səbəblərdən deyil, “strateji gecikdirmə” siyasəti ilə sabotaj edilir.
Beynəlxalq münasibətlər üzrə ekspert doktor Osman Qazi Kandəmirin fikrincə, Ermənistanla sülh Azərbaycan üçün strateji prioritet olmaqdan çıxır, çünki davamlı sülh Türkiyə ilə münasibətlərdə yeni balansın yaradılmasını tələb edir. Belə bir tarazlıq İsrailin bölgədə manevr imkanlarını məhdudlaşdıra bilər.