Türkiyə "S-400"ləri sınaqdan keçirdi-təhlil
Türkiyə Mürdət aviabazasında Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini sınaqdan keçirməyə başlayıb.
SaharAzeri xəbər verir,bu məlumata əsasən, sınaqlar zamanı qırıcılar yüksək və alçaq hündürlükdə uçuşlar həyata keçirir. Zenit-raket sistemlərinin sınaqlarının bu ilin noyabr ayında bitirilməsi planlaşdırılır.
S-400 zenit raket kompleksinin Türkiyə ərazilərində yerləşdirilməsi məsələsi Ankara-Vaşinqton əlaqələrini çıxılmaz vəziyyətə salaraq bu iki NATO müttəfiqi arasında yaranmış ziddiyyətlərin aradan qalxmasına imkan vermir və bu vaxtadək cərəyan edən müzakirələrin heç bir nəticəsi olmayıb, zira türklər heç bir vəchlə rus sistemindən vaz keçmək istəmirlər. Amerikalılar isə Türkiyəni F-35 qırıcılarından məhrum etməklə yanaşı ona qarşı sanksiyaların tətbiq olunmasını istisna etmirlər.
Eyni zamanda son günlər ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.
Sözü gedən qanunda Amerikanın düşmənlərinə qarşı mübarizə üçün sanksiyalar nəzərdə tutulur.
Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər.
Qeyd edək ki, "S-400" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb.
Rusiya ilə Türkiyə arsında S-400 lərin tədarükü ilə bağlı imzalanmış müqavilənin dəyəri 2,5 milyard dollardır.
Türkiyəli ekspertlər bu müqavilənin zərurəti barədə deyirlər ki, Türkiyə NATO müttəfiqi ABŞ-ın “Patriot” zenit-raket kompleksləri tələbinə müsbət cavab verməməsi qarşısında dəyişik alternativlərə üz tutaraq Rusiyanın cazibəli təklifini dəyərləndirdi və S-400 havadan müdafiə sistəmini almaq qərarına gəldi. Həmin ekspertlərin digər arqumentinə əsasən, Türkiyə S-400-ləri bir hücum silahı olaraq almır. Çünki S-400 müdafiə silahıdır. O da iddia olunur ki, Türkiyənin regional təhlükəsizlik təhdidlərinə baxmayaraq uzun müddət davam edən hava müdafiə sistemi axtarışının NATO müttəfiqləri tərəfindən gözdən yayındırılması Türkiyəni Rusiyadan S-400 almasına məcbur etmişdir.
Lakin belə arqumentlər Birləşmiş Ştatları qane etmir. Bu dövlət Türkiyəni S-400 alaraq müttəfiqlik hüququnu pozmaqda ittiham edir.
Müşahidəçilər bildirirlər ki, ziddiyyətlər dərinləşərsə və rəsmi Ankara geri çəkilməzsə, Türkiyənin NATO-dan xaric edilməsi gündəmə gətirilə bilər.