Ankaranın "güclü cavab"ı, Əbu-Dəbinin TŞ-yə şikayəti
Türkiyə və BƏƏ arasında gərginlik artır
Türkiyə xəbərdarlıq etdi: Hava sərhədlərini pozan təyyarələr vurulacaq.
Səhər Azəri bildirir ki, rəsmi Ankara Birləşmiş Ərəb Əmirliklərinin Egey dənizində Yunanıstan ilə birgə hərbi manevrdə iştirak etməsinə reaksiya olaraq, hava sərhədlərini pozacaqları halda Əmirliklərə məxsus qırıcıları vuracağını bildirib.
Əbu-Dəbi Türkiyə ili ciddi ixtilafları olan Yunanıstan ilə Egey dənizində birgə hərbi manevrdə iştirak məqsədilə 9 qırıcı göndərib.
Adının gizli qalmasını istəyən Türkiyə rəsmisi Əl-Qüds Əl-Ərəbi qəzetinə verdiyi müsahibədə Əmirliklərə məxsus qırıcıların Türkiyənin hava sərhədlərini pozacağı və ya Egey dənizində kəşfiyyat-qazma əməliyyatı həyata keçirən "Oruc Rəis" gəmisinə yaxınlaşacağı təqdirdə hədəfə alınacaqlarını deyib.
Onun dediyinə görə Əbu-Dəbi özündən böyük işlərə baş qoşaraq "odla oynamaq" qərarına gəlib. Amma, Türkiyə sularına yaxınlaşmış olarsa, cavabını ən ağır şəkildə almış olacaq.
Yunanıstan ordusunun mərkəzi qərargahı hərbi-döyüş hazırlığının yaxşılaşdırılması məqsədilə BƏƏ-nin iştirakı ilə Egey dənizində birgə hərbi manevrin keçirilməsindən xəbər verib.
Əbu-Dəbi isə Suriya ərazisindəki hərbi əməliyyatlarını bəhanə edərək, Türkiyəni Ərəb dünyasını xaosa sürüklədiyi iddiası ilə Təhlükəsizlik Şurasına məktub göndərib.