Ərdoğan Baydenlə bir araya gəldi
Türkiyə ilə ABŞ arasındakı fikir ayrılıqları həll olunmadı-ŞƏRH
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən axşam iyunun 14-də Belçika paytaxtı Brüsseldə amerikalı həmkarı Co Baydenlə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, NATO ölkələrinin sammiti çərçivəsində keçirilən görüşdən sonra mətbuata açıqlama verən prezident Ərdoğan Birləşmiş Ştatların bəzi siyasətlərinə xatir narahatlıq ifadə edib. Türkiyə dövlət başçısı konkret olaraq terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini bildirib.
R.T.Ərdoğan deyib ki, terror məsələsində qruplaşmalar arasında seçim edən, yaxşı terrorçu, pis terrorçu kateqoriyasına bölən anlayış davam edir. Beləliklə də Türkiyə rəhbəri bu sözləri ilə Baydenin PKK-nın Suriya qanadı olan PYD/YPG-ni “müttəfiq” olaraq gördüyü açıq şəkildə tənqid etmiş olub.
Xatırladaq ki, rəsmi Ankara Suriyanın şimal-şərqində terror təşkilatı saydığı YPG ünsürlərinə ABŞ-ın 5 min TIR silah və hərbi sursat ötürməsini dəfələrlə qınayıb.
Bu arada Brüsseldə olan diplomatlar bildiriblər ki, Ərdoğan Baydenin S-400 məsələsi ilə bağlı istəyini qəbul etməyib və bu məsələdə də tərəflər arasında hökm sürən fikir ayrılıqları ortadan qalxmayıbdır.
İki NATO müttəfiqi arsında ziddiyyətlər ötən 4 ildə artan xətt üzrə davam edib. Co Baydenin isə Amerikada hakimiyyətə gəlməsi əlaqələri bir qədər də gərginləşdirdi. Xüsusilə də qondarma erməni soyqırımının Bayden tərəfindən dövlət səviyyəsində tanınması münasibətlərdə yeni problemlər meydana çıxarmışdır.
Beləliklə də Brüssel Sammiti heç nəyi həll etmədi və əlaqələrin normallaşacağına dair hələlik ciddi bir nişanə görünmür.