Əhməd Davudoğlu
“Kavalaya ədalətli mühakimə qərarı verəndə başqa paytaxtları susdurarsınız!”
Əhməd Davudoğlu 10 səfirin qovulması qərarının Osman Kavala məsələsinə aidiyyatı olmadığını iddia edib.
SəhərAzəri-nin verdiyi məlumata görə,Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Prezident Ərdoğanın 10 səfirin arzuolunmaz şəxs elan edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib: “10 səfirin arzuolunmaz şəxs elan edilməsinin Osman Kavala və ya məhkəmənin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. Belə olsaydı, ağır ittihamlar altında olan keşiş Branson Trampın telefon zəngi, Dəniz Yücəl isə Merkelin istəyi ilə buraxılmazdı.”
Davudoğlu Türkiyənin ən çox ixrac həyata keçirdiyi ölkələrlə Türkiyə tarixinin ən böyük diplomatik böhranına səbəb ola biləcək son qərarın başqa səbəbləri ola biləcəyinə eyham vurub.
Türkiyə prezidentinin keçmiş məsləkdaşı digər ölkələrin müdaxilələrinə reaksiya verməzdən öncə Osman Kavalaya ədalətli məhkəmə təmin etməyə çağırıb: “Müstəqil məhkəmə sistemimizin qərarlarına qarşı daxili və xarici müdaxilələrə hamımız etiraz edək. Lakin bu iqtidar belə bir fikir yaradıb ki, bizim məhkəmə başqa paytaxtlardan gələn göstərişlərlə işləyə bilər. Kavalaya hər bir vətəndaşın layiq olduğu müstəqillik hüququ və ədalətli mühakimə qərarı verəndə başqa paytaxtları susdurarsınız!" - Davudoğlu bildirib.
Qeyd edək ki, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirləri Türkiyəni Osman Kavalanı həbsdən azad etməyə çağırıb. Ərdoğan isə ölkənin müstəqil məhkəmələrinə təzyiq edən səfirlərin “arzuolunmaz şəxs” elan olunması üçün göstəriş verib.
Osman Kavala Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs edilib.