Yan 04, 2023 19:35 Asia/Baku
  • Kalın
    Kalın

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində Suriya ilə münasibətlərin yaxşılaşdırılması uğrunda işlərin davam etdiyini bildirib.

Kalın dekabrın 28-də Moskvada müdafiə nazirləri səviyyəsində keçirilən üçtərəfli görüşü müsbət adlandırıb.

“Qaçqınların geri qaytarılması və köçkün suriyalılara humanist rəftar üçün addımlar atılmasını istəyirik. Təbii ki, birinci görüşdə bunların hamısının həllini gözləmək olmaz, bu, mərhələli prosesdir. 11 ildə ilk dəfə bu məsələlərlə bağlı əlaqəmiz oldu”, - deyə Kalın bildirib.

İbrahim Kalın Türkiyə Prezidenti ilə Suriya prezidentinin görüşünə də münasibət bildirib. O bunun üçün müəyyən edilmiş qrafikin olmadığını deyib.

“Ola bilsin ki, müdafiə nazirinin və kəşfiyyat rəhbərimizin keçirdiyi görüşün davamı kimi hansısa görüşlər olsun. Hər iki ölkənin xarici işlər nazirinin görüşü olacaq. Amma vaxt bəlli deyil. Danışıqlar prezidentlər səviyyəsinə çatana qədər hələ çox iş görülməlidir. Bu gün heç nə deyə bilmərəm. Qarşıdakı üç ayda, altı ayda olacaq, ya yox... Hələlik bunu demək tezdir. Bu, prosesin gedişindən asılıdır, - deyə Kalın bildirib.

Son günlər Reuters agentliyi üç fərqli mənbəyə istinadla yazır ki, Suriya prezidenti Bəşar Əsəd türkiyəli həmkarının görüş istəyini rədd edib.

R.T.Ərdoğan dəfələrlə Bəşar Əsədlə görüşmək istədiyini, siyasətdə “küsülülük olmaz” deyib.

Bəzi türkiyəli analitiklərə görə İqtisadi böhran yaşayan Türkiyədə seçkilər yaxınlaşır və Ərdoğan Bəşar Əsədlə görüşüb, suriyalı miqrantların Türkiyədən geri göndərilməsini niyyət edir.

2023-cü il seçkiləri üçün müxalifətın vahid namizəd irəli sürməklə qələbə çala biləcəyindən ehtiyatlanan Ərdoğanın Əsəddən rədd cavabı alması onu çətin vəziyyətdə qoyur.

 

Teqlər