Almaniya təhlükəsizlik səbəbi ilə İstanbuldakı konsulluğunu bağlayır
Almaniya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İstanbuldakı konsulluğunun təhlükəsizlik səbəbi ilə bağlandığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiyanın Ria Novosti xəbər agentliyi məlumat verib.
Məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi Türkiyədəki vətəndaşlarına etdiyi xəbərdarlıqdan sonra Almaniyanın İstanbulun mərkəzindəki Baş Konsulluğunun terror aktları riskinin artması səbəbindən bu gündən etibarən bağlanılacağını açıqlayıb.
Son həftələr bəzi Avropa ölkələrində, o cümlədən İsveçdə ifrat sağçı qruplar Qurani-Kərimi təhqir edib və bu cür təhqiramiz hərəkətlər Türkiyədə müsəlmanların qəzəbinə səbəb olub.
Bu arada Almaniya Federal Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İstanbulun Bəyoğlu bölgəsində və Taksim meydanı ətrafında yüksək hücum riski ilə bağlı xəbərdarlıq edib və bununla əlaqədar, vətəndaşlarına çox ayıq-sayıq olmağı, toplaşmaqdan və bacardıqları qədər ictimai yerlərə getməkdən imtina etməyi tövsiyə edib.
Ötən həftə Almaniya, İsveç, Norveç və Danimarka, eləcə də Amerika Birləşmiş Ştatları öz vətəndaşlarına Türkiyədə mümkün hücum riski ilə bağlı xəbərdarlıq ediblər.