Mövlud Çavuşoğlu:
“Türkiyə İsveçin NATO-ya daxil olmasına “hə” deyə bilməz"
Terror strukturları Türkiyə əleyhinə təxribatlar təşkil etməklə, xüsusilə Stokholm üçün NATO-ya gedən yolu "minalayırlar". Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə XİN rəhbəri İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına müraciətləri ilə bağlı Ankaranın mövqeyini şərh edərkən deyib ki, İsveç “yolu minalardan təmizləyə bilsə də, qəsdən minalara düşür”.
"Bu sözləri yerinə yetirməyənləri “mükafatlandıra” bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin indiki vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına “hə” deyə bilməz", - deyə nazir vurğulayıb.
Nazir xatırladıb ki, İsveçdə Türkiyə və İslam əleyhinə təxribatlara cavab olaraq Ankara İsveç və Finlandiyanın üzvlük prosesi üçün Brüsseldə keçirilməsi planlaşdırılan Üçtərəfli Mexanizmin üçüncü iclasını ləğv edib.
Xatırladaq ki, qərb ölkələrinin “Rusiyanın təhdidləri” bəhanəsi ilə İsveç və Finlandiyanı NATO-ya daxil etmək qərarından sonra Türkiyə bu ölkələrin terrorizmi dəstəkləməkdə davam edəcəkləri təqdirdə onların NATO-ya üzv olmalarına müsbət səs verməyəcəyini bildirdi.
Adı çəkilən ölkələr, eləcə də NATO-nun digər üzvləri Türkiyənin bu şərtinə məhəl qoymadan bu ölkəyə qarşı təhdid və təzyiqlərini gücləndirmək yolu ilə öz istəklərinə nail olmağa çalışırlar. Son vaxtlar İsveçdə PKK-çıların Türkiyəyə qarşı aksiyalarının təşkili və həmin aksiyalarda isveçli siyasilər tərəfindən Quranın yandırılması bunu deməyə əsas verir ki, İsveç heç də Türkiyəyə qarşı terrororçulara dəstəyindən əl çəkmək niyyətində deyil və Türkiyəni onsuz da NATO-nun tələbinə təslim edəcəyindən əmindir.