Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb
Şanlıurfada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkədə baş verən son güclü zəlzələ nəticəsində ölənlərin sayı 21 848 nəfərə çatıb. O bildirib ki, 80 104 nəfər yaralı var.
SəhərAzəri-nin məlumatına görə, Ərdoğan Türkiyənin öz tarixinin ən böyük fəlakətlərindən birini yaşadığını bildirib:
“Zəlzələ ümumilikdə 13 milyonluq vətəndaşımıza təsir edib. Belə bir genişlikdə fəlakət dünyada çox az görülüb. Bu fəlakət bütün dünyanı şoka salıb”, – Ərdoğan əlavə edib.
Türkiyə prezidentinin bildirdiyinə görə bu saatadək 1.5 milyonan çox deprəmzədə sığınacaqla təmin olunub:
"460 000 vətəndaşımız Təhsil Nazirliyinə bağlı məktəblərə, yataqxanalara, təcrübə hotellərinə və müəllim evlərinə yerləşdirilib. Digər müvəqqəti sığınacaq mərkəzlərində isə ümumilikdə 1 milyon 100 min insan var", – Ərdoğan əlavə edib.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən zərər çəkmiş bölgələrə beynəlxalq yardımlar davam edir. Hələlik milyonlarla insanın gündəlik məişət tələbatının ödənilməsi əsas diqqət mərkəzində saxlanılır.
Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində də son məlumata görə zəlzələ nəticəsində ölənlərin sayı 3553 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 5 276 insan isə xəsarət alıb.