Türk Dövlətləri Təşkilatında “çat” yaranıb
Türk ölkələri yollarını Ankaradan ayırırlar? - AKTUAL
Qazaxıstandan sonra Türkmənistanın da Kipr Respublikasında səfirlik açması türk dövlətlərinin Şimali Kipr məsələsində öz maraqlarını Türkiyənin istəyindən üstün tutmaları barədə rəy formalaşdırıb.
Məsələ ilə bağlı Axar.az-a danışan türkiyəli politoloq Engin Özər bildirib ki, bu addımlar əsasən iqtisadi maraqlardan qaynaqlanır, ona görə də Türkmənistandan belə bir addımın gəlməsi təəccüblü deyil.
Onun sözlərinə görə, Türkmənistan və Türkiyə münasibətləri də, əslində, o qədər də qardaşlıq xarakterli deyil və bu məsələ bir qədər şişirdilir.Politoloq qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) mədəni bir quruluş olaraq qalacaq, siyasi təşkilata çevrilməsi isə çətindir. Və artıq Türkiyənin bu məsələdə ciddi gözləntisi olmamalıdır. Bu ölkələrin heç biri Türkiyənin Kipr məsələsindəki mövqeyini açıq şəkildə dəstəkləmir.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Türkiyə türk dövlətlərindən Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanmasını istəyirdi, ancaq bu, baş vermədi:“Orta Asiya ölkələrinin Şimali Kipri tanımaq niyyəti yoxdur. Ən narahatedici məqam isə ondan ibarətdir ki, adıçəkilən ölkələr Kipr Respublikasında səfirlik açmaq və əlaqələri genişləndirmək istəyirlər”, - deyə azərbaycanlı politoloq vurğulayıb.