ABŞ "F-35" qırıcılarının Türkiyəyə verilməsini durdurdu
Vaşinqton Türkiyənin Rusiyadan "S-400" raket müdafiə sistemi almasına reaksiya olaraq, F-35 qırıcılarının bu ölkəyə verilməsinə mane oldu.
Röyters-in bildirdiyinə görə, ABŞ bu ölkənin NATO-dakı müttəfiqi olan Türkiyəyə "F-35"lərin verilməsini durdurdu.
Vaşinqton ötən aylarda dəfələrlə Rusiyadan "S-400" raket sistemlərinin alınmasına dair Ankaraya xəbərdarlıq edib.
ABŞ Müdafiə Nazirliyi "Pentaqon"un sözçüsü Çarlz Sammers son zamanlar bir mətbuat konfransında Rusiyadan "S-400" raket sistemi almasının Türkiyə üçün mənfi nəticələrinin olacağını demişdi.
Sammers Türkiyənin Rusiyadan "S-400" alması ilə ABŞ-ın "F-35" qırıcıları və "Patriot" raket sistemləri ilə birdəfəlik vidalaşmalı olacağını söyləmişdi.
Ötən aylarda ABŞ və Türkiyə münasibətləri bir sıra məsələlər üzündən xeyli gərginləşib.
Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın Türkiyəyə "S-400" raket sistemi almağı qadağan etmək haqqına malik olmadığını deyib.
"S-400"lərin alınmasına dair müqavilə 2017-ci ildə Türkiyə və Rusiya arasında imzalanıb.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da son zamanlar Ankaranın "S-400"lərdən vaz keçməyəcəyini hətta, "S-500" almaq niyyətində olduğunu da açıqlamışdı.
"S-400" raket sistemi eyni zamanda 72 raket atmaqla 5-60 kilometrlik məsafədə və 2-27 kilometr hündürlükdə olan taktiki və ballistik raketləri məhv etməyə qadirdir.
"S-400" raket sistemi hazırda dünyanın ən modern müdafiə sistemlərindən sayılır.
ABŞ Rusiyadan "S-400" raket sistemi alacağı təqdirdə Türkiyəni sanksiyalar ilə təhdid edir.