Fev 26, 2020 13:17 Asia/Baku
  • Atəşkəs dövründə həlak olan hərbçilərin sayı ilə bağlı rəsmi açıqlama
    Atəşkəs dövründə həlak olan hərbçilərin sayı ilə bağlı rəsmi açıqlama

Azərbaycan Respublikasının atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi bildirib ki, atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçi var:  “Ermənistanın cinayətləri nəticəsində 10 minə yaxın azərbaycanlı öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb”.

Emil Tağıyev deyib ki, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya və digər maddələrlə nəzərdə tutulan cinayətləri sübuta yetirilib, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib: “Həmin şəxslərdən Arsen Baqdasaryan, Karen Dasaryan isə Qazaxda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yaydıqları birgə bəyanatda qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin təqribən beşdə biri işğal olunub və bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yaşayan bir milyondan çox yerli azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

 

 

Teqlər