Türkdillilər «Gəndu» serialını rəğbətlə qarşılayıblar
“Səhər Azəri” telekanalı otuz ilə yaxındır ki, İranın məşhur film və seriallarını dublyajla yayımlayır. Telekanal Qafqazda geniş tamaşaçı kütləsi qazanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün İran film və serialları türkdilli tamaşaçılar arasında xüsusi yerə malikdir. Belə ki, bəzi seriallar ad seçiminə də təsir göstəribdir.
«Gəndu» serialı bu ilin iyun ayında yayımlanmağa başlanandan İran seriallarının tərəfdarlarını bir daha televizorun önünə çəkməyi bacaran seriallardan olubdur.
Serialın dublyajı Bakıda Əmin Abbasovun başçılığı ilə həyata keçirilib. Filmi Gülnarə Zülali, Ofeliya Novruz qızı, Kazım Abdullayev, Pərviz Məmmədrzayev, Vüsal Xalıq oğlu, Cəlal Məmmədov, Mahir Mirişli və Rövşən Məmmədli kimi tanınmış sənətkarlar səsləndiriblər.
Tamaşaçılar nəinki televiziya yayımında, həm də sosial şəbəkələrdə belə, bu serialı böyük rəğbətlə qarşılayıblar. Belə ki, onlar «Qandu»nun birinci hissəsi bitdikdən sonra “Səhər Azəri” kanalının facebook səhifəsinə çox sayda mesajlar göndərməklə onun ikinci hissəsinin dublyaj edilib, yayılmasını da istəyiblər.
“Səhər Azəri” kanalının müdiriyyəti də tamaşaçıların xahişlərini nəzərə alaraq, serialın ikinci hissəsinin dublyaj edilməsini öz iş gündəminə daxil edib və serial hal-hazırda dublyaj edilməkdədir.