“Azərbaycan Ukraynadakı vəziyyəti təkrarlayır”
İran İslam Respublikasının Bakıdakı keçmiş səfiri Möhsün Pakayin xəbərdarlıq edib ki, Azərbaycan Respublikası hakimiyyəti Ukraynadakı vəziyyəti təkrar edir.
Keçmiş səfir özünün Tvitter hesabında yazıb: “Azərbaycanın Tehrandakı səfirliyin fəaliyyətini dayandırması, İran diplomatlarını ölkədən çıxarması, Naxçıvanda hərbi təlimlər həyata keçirməsi və diplomatiyadan uzaqlaşması Qərbin təhriki ilə Ukraynanın Rusiyanı müharibəyə sürükləmək üçün törətdiyi təxribatlara bənzəyir. İran rəsmiləri ayıq-sayıqdır, lakin Bakı indiki halda Ukraynadakı vəziyyəti təkrar edir”.
Cənab Pakayin bundan əvvəlki tvitində Azərbaycanın Tehrandakı Səfirliyini insan qaçaqçılığında ittiham edərək yazmışdı: “Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən şəxsin həyat yoldaşı Gülnar Əliyevanın pasportu ərinin əlində olub və həmin bu xanım Azərbaycan səfirliyinin köməyi ilə keçid vərəqəsi alaraq, həyat yoldaşının razılığı olmadan ötən ilinin aprel ayı İranı tərk edib. Hüquqi nöqteyi-nəzərdən bu əməl bir diplomatik təşkilat tərəfindən insan qaçaqçılığının bariz nümunəsidir”.