İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi regional bağlı mövqeyini elan etdi
Şəmxani: Qafqazda geopolitik dəyişiklik yolverilməzdir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşündə Tehranın Qafqazda coğrafi dəyişikliklərə qarşı olduğunu bir daha bəyan edib.
Şəmxani bildirib ki, Qafqaz regionunda gərginlik və münaqişələr heç bir ölkənin maraqlarına xidmət etməyəcək.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik gərginliyi artıran tədbirdir və bu, regional təhlükəsizlik və sabitliyin düşmənlərinin maraöına xidmət edir.
İranın yüksək təhlükəsizlik rəsmisi əlavə edib ki, davamlı dialoq və qarşılıqlı fəaliyyət regional çağırışlara son qoymaq üçün istənilən sərt yanaşmanı əvəz etməlidir.
Qafqaz regionunun “həssas dövr” yaşadığını vurğulayan İran rəsmisi ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan təmkinli olaraq ehtiyatlı davranmaqla mövcud gərginlikdən çıxa biləcəklər.
O, qonşularla əməkdaşlıq və qarşılıqlı əlaqənin inkişaf etdirilməsini İranın xarici siyasətinin dəyişməz prinsipi və hazırkı İran administrasiyası üçün prioritet məqam adlandırıb və deyib: “Mehriban qonşuluq münasibətlərinin saxlanması və regional problemlərin sülh yolu ilə həlli üçün birgə səy göstərilməsi İslam Respublikasının bütün [regional] tərəflərə verdiyi ən mühüm tövsiyələrdəndir”.
Armen Qriqoryan isə cavabda bildirib ki, İran Cənubi Qafqaz ölkələri arasında münasibətlərin inkişafında, həmçinin regional təhlükəsizliyin qorunmasında mühüm rol oynayıb.
Erməni rəsmi İranın regional sülh və sabitliyin həyata keçirilməsində "çox təsirli" rolunu yüksək qiymətləndirib və vurğulayıb ki, ölkələr arasında dialoq və qarşılıqlı fəaliyyət mövcud regional böhranların həlli və gələcək gərginlik və münaqişələrin qarşısının alınması üçün yeganə yoldur.